Allahşükür Paşazadə Şimali Qafqaza gedib
05 Fevral 2011 Şənbə 12:25
QMİ sədri burada bir sıra görüşlər keçirəcək, tədbirlərdə iştirak edəcək
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Şimali Qafqaza səfəri başlayıb. İdarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın ANS PRESS-ə verdiyi məlumata görə, ilk öncə Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasına yollanan A. Paşazadə Qafqaz Şeyxülislamı olaraq yerli müsəlmanlarla görüşəcək, daha sonra Kabarda-Balkar Müsəlmanları Ruhani İdarəsi rəhbərinin seçkilərində iştirak edəcək.

QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Kabarda-Balkarın bu yaxınlarda qətlə yetirilmiş müftisi Anas Pşixaçevin qəbrini ziyarət edəcək, onun ruhuna dualar oxuyacaq, ailəsinə baş çəkərək, doğmalarına və yaxınlarına başsağlığı verəcək.

Səfər çərçivəsində A. Paşazadəni Kabarda-Balkar Respublikasının başçısı Arsen Kanokovun qəbul edəcəyi, qardaş xalqlarımız üçün önəm kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.

Daha sonra QMİ rəhbəri Çeçenistan Respublikasına yola düşəcək. Çeçenistan rəhbəri Ramzan Kadırovun dəvəti ilə baş tutacaq səfər zamanı QMİ sədrinin Çeçenistan müftisi Soltan Mirzəyev və yerli dindarlarla görüşləri nəzərdə tutulub.

Səfər ərzində QMİ sədri A. Paşazadəni Şimali Qafqaz müftiləri Koordinasiya Şurasının sədri müfti İsmayıl Berdiyev müşayiət edəcək. Səfər çərçivəsində A. Paşazadənin Koordinasiya Şurasında təmsil olunan müftilərlə görüş keçirəcəyi nəzərdə tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar