Allah heç kəsə belə bir vəziyyəti göstərməsin
08 Aprel 2011 Cümə 23:01
ANS-in xüsusi müxbiri Liviyada vəziyyətin çox təhlükəli olduğunu bildirir
Liviyada girov götürülən rusiyalı jurnalistlər hadisə yerində olan digər həmkarlarının tələbindən sonra azad edilib. Bu barədə ANS-in Liviyaya ezam olunmuş xüsusi müxbiri Vahid Mustafayev məlumat verib.
- Vahid müəllim indi vəziyyət necədir, son sutkanı kimin xeyrinə yazmaq olar: üsyançıların, yoxsa Qəddafi ordusunun?
- Heç kəsin tərəfinə yazmaq olmaz. Ümumiyyətlə müharibədə belə ifadələr işlətmək düzgün deyil. Hər dəfə mövqelər dəyişdikcə, çoxlu sayda insan öz həyatını dəyişir. İş orasındadır ki, dünən NATO təyyarələrinin tank diviziyasını dağıtdıqdan sonra üsyançıların doğrudan da böyük problemləri başlayıb. Baxmayaraq ki, ANS-ə müsahibəsində üsyançıların komandanı bildirdi ki, onların heç bir problemi yoxdur. Amma aydın müşahidə olunur ki, insanların silahı çatışmır. Həmçinin biz müşahidə etdik ki, əsgərlərin əlində sovet dönəmindən qalma silahlar var. Bu da bir daha onu təsdiq edir ki, üsyançıların silahı çatışmır və bu şəraitdə mübarizə aparmaq onlar üçün çox çətin olacaq.
- NATO üsyançıları vurduğuna görə, üzr istəmədi. Üsyançılar necə qarşıladı bunu?
- Kontr-admiral Rassel Hagen doğrudan da öz çıxışında bildirdi ki, NATO-nun bu hadisədə heç bir günahı yoxdur. Ona görə ki, NATO-nun bu tankların mövcudluğu barədə xəbəri olmayıb. Üsyançılar tanklar haqqında onlara məlumat verməyib. Baxmayaraq ki, üsyançıların lideri Əbdülfetdah Yunis hər addımları haqqında NATO qüvvələrini məlumatlandırdıqlarını desə də, Hagen bu barədə onlara məlumat verilmədiyini bildirdi. Onlar tankları sadəcə olaraq dinc əhaliyə qarşı istifadə edildiyini güman edərək məhv ediblər. Mətbuatın məlumatına görə, bu əməliyyatda 12 nəfər həlak olub. Amma bizim məlumatlara görə, orada 40-45 nəfərə yaxın adam ölüb.
- Belə bir xəbər var ki, üsyançılar Əcdəbiyyədə iki rusiyalı jurnalisti saxlayıblar. Həmin jurnalistlərin marşrutlarının coğrafiyasına baxanda gördük ki, siz olan yerlərdə çəkiliş aparıblar. Təsadüfən onları tanımırsınız?
- Burada hamı bir-birini tanıyır. Allah heç kəsə belə bir vəziyyəti göstərməsin. Təsəvvür edin ki, üsyançıların nəzarətində olan şəhərlərdə hər bir insanın əlində silah var. İstədiyi kimi də ondan istifadə edir. Belə olan təqdirdə başa düşürsünüz ki, vəziyyət çox təhlükəlidir. Axşam azanından sonra insanlar küçələrə çıxmamağa çalışır. Ona görə ki, boşalan həbsxanalardan çoxlu məhbuslar azadlığa çıxıb. Onların da əlində silah var. Onlar indi müxtəlif yolla özlərinə çörək qazanacaqlar. İş orasındadır ki, doğrudan da ölkə əhalisinin 50 faizdən çoxu yoxsulluq səviyyəsində yaşayırlar. Baxmayaraq ki, Liviya neftlə zəngin bir ölkədir. Belə olan təqdirdə insanlar pul qazanmaq üçün müxtəlif yollara əl atır. Sözsüz ki, burada jurnalistlər pul qazanmaq üçün ən maraqlı tərəf və imkandır. Onlar iki nəfər yox, dörd nəfərdir. İki nəfər “Komsomolskaya pravda” qəzetinin əməkdaşıdır. Dmitri Steşin və Aleksandr Kos. Digər iki nəfər isə NTV kanalının müxbir və operatorudur. Onlar bizimlə bir yerdə Əcdəbiyədə idilər. Onları tutub naməlum istiqamətə aparıblar. Lakin burada olan jurnalistlər korpusu hadisəyə müdaxilə edəndən, komandanlıqla danışıqlardan, hətta tələb edəndən sonra ki, əgər jurnalistlər azad edilməsə, biz üsyançıların mövqelərini işıqlandıran deyilik, 4-5 saat ərzində onlar tapıldılar və hazırda komandanlığın qərargahında yerləşiblər. Bu da bir daha onu təsdiq edir ki, bu insanların arasında gizlin olsa da, bir rabitə var.
DOSTLARINLA PAYLAŞ: