“Akkord” Korporasiyası “Uğur-2” yaşayiş kompleksini təhvil verib.
24 Dekabr 2011 Şənbə 21:10
akkord
.“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC “Uğur” silsiləsindən daha bir yaşayış kompleksini tamamlayaraq sakinlərin ixtiyarına verib.
Şirkətdən APA-ya verilən xəbərə görə, dekabrın 24-də “Uğur-2” kompleksinin təhvil verilməsi münasibətlə təntənəli açılış mərasimi keçirilib. Yaşayış kompleksinin yerləşdiyi Sabunçu rayonunun İcra hakimiyyətinin başçısı Əlibaba Əliyev, bu dairədən olan millət vəkili Fazil Qəzənfəroğlunun da iştirak etdiyi tədbirdə rəmzi açılış lenti “Akkord” Korporasiyasının Baş direktoru Xaqani Quluzadə və icra başçısı Ə.Əliyev tərəfindən kəsilib. Açılış mərasiminə toplaşmış hər kəs, o cümlədən KİV nümayəndələri yaşayış kompleksini dolaşaraq burada görülmüş işlərlə yaxından tanış olublar. Bundan sonra Sabunçu rayonunun İH başçısı Əlibaba Əliyev, millət vəkili Fazil Qəzənfəroğlu sakinlər qarşısında çıxış ediblər. Onlar yeni mənzil sahiblərini təbrik edib və “Akkord”un həyata keçirdiyi işləri yüksək qiymətləndiriblər. Tədbirdə Korporasiyanın İdarə Heyəti Sədrinin müavini Elçin Bədəlov, həmçinin yeni kompleksin sakinləri də çıxış ediblər. Açılış mərasimi Korporasiya tərəfindən təşkil olunmuş möhtəşəm konsertlə davam edib. Tədbirin sonunda sakinlərə Korporasiyanın hədiyyələri təqdim olunub.

“Uğur-2” yaşayış kompleksi paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaşar Əliyev küç., 2595 ünvanında yerləşir. 1 bloklu, 21 mərtəbəli 8 binadan ibarət kompleksə 1780 mənzil (143 393,43 m2 mənzil sahəsi) daxildir. Kompleks özündə Avropa üslubunu, müasir arxitekturanı, sosial bərabərliyi ehtiva edir. Kompleksin lap yaxınlığından mərkəzi magistral yol keçir ki, bu da Yaşar Əliyev küçəsindəki bu evlərdən şəhərin istənilən hissəsinə rahat gediş-gəliş imkanı deməkdir.
Kompleksə daxil olan binalar seysmoloji konstruksiyaya malikdir və təhlükəsiz yaşamaq üçün bütün tələblərə cavab verir.
Müasir standartlara uyğun layihələndirilmiş mənzillərdə sakinlərin rahat və problemsiz yaşayışını təmin etmək üçün bütün şərtlər nəzərə alınıb. Binalar liftlərlə tam təmin edilib.
Yaşayış kompleksində müasir texniki, telekommunikasiya və mühafizə sistemləri quraşdırılıb. Binaların fasiləsiz rejimdə su ilə təchizatı üçün ərazidə 3 ədəd 500m3 tutumlu su anbarı tikilib və nasos stansiyası ilə təmin edilib. Kompleksin bütün ərazisi asfaltlanıb, müasir və yaraşıqlı işıqlandırma sistemləri ilə işıqlandırılıb. Ərazidə uşaqların istirahəti üçün müxtəlif əyləncə avadanlıqlarından ibarət 630 m2-lik gözəl oyun meydançası, həmçinin sakinlərin istirahəti üçün 515 m2-lik idman meydançası inşa edilib. İdman meydançasında futzal, basketbol oyunları üçün avadanlıqlar quraşdırılıb. Yaşayış kompleksinin ətrafı yaşıllaşdırılıb. Kompleksin giriş hissəsində və binalararası sahədə daha iki istirahət parkı salınıb.
Kompleksdə həmçinin kiçikyaşlı uşaqlar üçün bağça inşa edilib. Bundan başqa, binaların ilk mərtəbələrində ictimai-iaşə obyektlərinin fəaliyyət göstərməsi üçün qeyri-yaşayış sahələri nəzərdə tutulub.
Kompleksdə yaşayan sakinlər üçün binaların zirzəmisində avtomobil dayanacaqları inşa edilib.
“Uğur-2” kompleksinin istifadəyə verilməsi ilə bu silsilədən təhvil verilən komplekslərin sayı 3-ə çatıb. Bundan əvvəl “Akkord” paytaxtın “Həzi Aslanov” metrostansiyası yaxınlığında - Xətai rayonu, Xudu Məmmədov, 2945 ünvanında 1236 mənzilli 20-22 mərtəbəli binalardan ibarət “Uğur-1” və Xırdalan şəhərində 273 mənzildən ibarət 3-bloklu, 14-mərtəbəli “Uğur-4” yaşayış kompleksini sakinlərə təhvil verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar