AİHM-in hakimi azərbaycanlı qaçqınların hüquqları barədə bədbin danışdı
31 Yanvar 2011 Bazar Ertəsi 01:55
“Biz beynəlxalq ədalət məhkəməsi deyilik, lakin bir halda ki, məhkəməyə şikayətlər daxil olub, qərarımızı verəcəyik”.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində paytaxt Bakıya və digər rayonlara pənah gətirən həyerlilərimiz öz torpaqlarından çox uzaqda həyatlarını davam etdirmək məcburiyyətindədirlər. Bu insanlardan bəzilərinin Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət etməsi isə Ermənistan hökümətinin ciddi narahatlığına səbəb olub.
“Çıraqov və başqalarının işi” adlı məhkəmə üzrə dinləmələrin keçirildiyi Strasburqda yerləşən AİHM binasında olan ANS TV-nin xüsusi müxbiri Ayaz Nizamoğlu işğala məruz qalaraq quruma müraciət edən Azərbaycanın Laçın rayonundan olan bir qrup məcburi köçkününün şikayətləri barədə suallara cavab tapmağa çalışıb.
Son olaraq ötən ilin sentyabrında AİHM böyük palatasında “Çıraqov və başqaları Ermənistana qarşı” adlı iddiaya baxılıb. İddiaçılar Azərbaycanın altı vətəndaşı - Elxan və Adışirin Çıraqovlar, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Sağatel Cəbrayılovdur. Laçın rayonundan olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib. Həmin şəxslərin iddia ərizələrində bildirilir ki, Laçına qayıda bilmədiklərinə görə öz mülkiyyətlərindən istifadə edə bilmirlər.
Ermənistan hakimiyyəti isə buna rəğmən onların məruz qaldığı zərəri kompensasiya etməyib. Şikayətçilər qeyd ediblər ki, əgər onlar erməni və xristian olsaydılar, Ermənistan silahlı qüvvələri onları evlərindən qovmazdı. Buna görə də, iddiaçılar konvensiyanın mülkiyyət və şəxsi həyat toxunulmazlığı maddələriylə yanaşı milli-dini ayrıseçkilik maddəsi üzrə də iddia qaldırıblar. Əsas məqsəd isə AİHM-in Ermənistanı işğalçı dövlət kimi tanımasıdır .
İddiaçılardan Adişirin Çiraqov bu münaqişə zəminində sadəcə mal-mülk itirmədiklərini deyib: “Bizdən soruşurlar ki, siz nə itirmisiniz? Bizim itirdiyimiz tək mal-mülk deyil. Rayon üzrə cəmi 15 nəfər şəkərli diabet xəstəliyi olan var idisə, indi təkcə bir kəndimiz üzrə bu rəqəm 60 dır. Mənim altı nəvəmin 3-ü anadan gəlmə ürək böyrək qüsurlu dünyaya gəlib. Təbii mühitimizdən havamızdan suyumuzdan doğma torpaqlarından çıxıblar. Nəslimizdə bu xəstəliklər yaranır”.
Qarşı tərəf isə fakt olmadığından növbəti dəfə hiyləyə əl atmaq məcbüriyyətində qalır. Güya 1992-ci ildə Laçın rayonunun səmasından çəkildiyi bildirilən kadrları məhkəməyə təqdim edir.
“Kəndin xaraba qalması kadrlarını göstərirlər və onu əsaslandırmaq istəyirlər ki, 1992-ci ildə müharibə əsnasında bu kəndlər dağılıb” – deyə Adışirin Çıraqov əlavə edir.
Buna baxmayaraq Adışirin müəllim bizi əmin edir ki, məhkəmə bu kadrları ciddi fakt kimi qəbul etməyib. Ən azı ona görə ki, ermənilər kadrların dəqiq 1992-ci ildə çəkildiyini sübut edə bilməyiblər. Amma ermənilər bu uğursuzluqla barışmaq istəməyiblər.
Əlbəttə ermənilər bu addıma hansısa formada cavab verməyə çalışacaqlar. Çıraqovların işi gündəmə gələndən sonra Ermənistan höküməti təcili şəkildə uydurma bir iddia ilə çıxış edir . Minas Sarkisyan adlı bir erməni vətəndaşı bu dəfə Azərbaycana qarşı AİHM-də iddia qaldırır.
İddia ərizəsində Minas Sarkisyanın Azərbaycanın Şaumyan (indiki Goranboy) rayonunun Gülüstan kəndində yaşadığı və bu ərazinin əhalisinin guya 82 faizinin erməni olduğu bildirilir. Ərizədə göstərilir ki, Dağlıq Qarabağ münaqişəsi zamanı guya Azərbaycan hərbiçiləri Gülüstan kəndini bombalayıb və bir çoxlarınkı kimi onun da evi dağılıb.
Göründüyü kim Sarkisyanın da iddiası bir növ Çıraqovlarınkinə oxşayır. Amma bir fərqlə biri həqiqətən baş verib, digəri isə növbəti erməni uydurması. Hər halda son söz Avropanın Ali Məhkəmə instansiyasının olacaq .
AİHM sədri Can-Pol Kosta qurumun bu ilin yayına qədər cavab verəcəyini güman etdiyini deyib: “Bilirsiniz, həmişə münaqişələrin acı nəticələrini mülki, sadə insanlar çəkir. Ötən əsrin 90-cı illərində başlayan münaqişələrin bəziləri “dondurulmuş” və ya “soyuqlaşdırılmış” vəziyyətdə qalır. Sözügedən şikayətlərlə bağlı bizim məhkəmə bir neçə aydan sonra, çox güman ki, bu ilin yayına qədər qərar verəcək. Tarixlə bağlı öhdəlik götürmək istəmirəm”.
AİHM-in daha bir hakimi isə ANS-ə müsahibəsində bir qədər də səmimi olmağa çalışdı. Erik Friberq etiraf etdi ki, qərar qəbulu onun təmsil etdiyi məhkəmə üçün heç də asan olmayacaq. “Hər iki tərəfdən məhkəməyə göndərilən şikayətlər dövlətlərarası şikayətlərə oxşayır, onların kökündə dövlətlər arasındakı fikir ayrılığı durur. Belə şikayətlərə baxmaq, AİHM-in funksiyalarına bir qədər uyğun deyil. Bu cür siyasi problemlər hüquqi deyil, siyasi yolla daha asan həll olunur. Biz beynəlxalq ədalət məhkəməsi deyilik. Lakin bir halda ki, məhkəməyə şikayətlər daxil olub, onları nəzərdən keçirib qərarımızı verəcəyik”.
Nə deyirik, səbr eləyək. Nəzərə alsaq ki, bu məhkəmə işlərindən biri hələ 2004-cü ildə, digəri isə 2006-cı ildə bu quruma təqdim olunub və indiyədək bir qərar çıxarılmayıb. Görünən odur ki, bu iş səbr eləyə-eləyə hələ çoz uzanacaq. Təki nəticəsi bizdən olsun. anspress
DOSTLARINLA PAYLAŞ: