Ağdamda bir neçə sosial obyekt istifadəyə verilib.
11 Yanvar 2012 Çərşənbə 01:35
Quzanlı yeni uşaq xəstəxanası və doğum evi, həmçinin təcili tibbi yardım stansiyası inşa edilib.
Prezident İlham Əliyevin “Ağdam rayonunda əhalinin səhiyyə xidməti ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2009-cı il 25 noyabr tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsaitlə rayonun Quzanlı qəsəbəsində inşa edilmiş yeni uşaq xəstəxanası və doğum evi, həmçinin təcili və təxirəsalınmaz tibbi yardım stansiyası istifadəyə verilib. AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov və rayon mərkəzi xəstəxanasının baş həkimi Gülnar Abbasova sakinləri yeni tibb ocaqlarının istifadəyə verilməsi münasibətilə təbrik edib, göstərilən yüksək qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, yeni səhiyyə ocaqlarında tibb işçiləri üçün yaradılan şərait, quraşdırılan müasir tibbi avadanlıq rayon əhalisinə göstərilən səhiyyə xidmətinin səviyyəsini daha da artırmağa, onların kənara getmədən rayonun özündə lazımi müalicə almalarına imkan yaradacaq.

Rəmzi açılışı bildirən lent kəsildikdən sonra iştirakçılar binalarda yaradılan şəraitlə tanış olublar. Zirzəmi qatı ilə birlikdə dörd mərtəbədən ibarət olan uşaq xəstəxanası və doğum evinin hər biri 15 çarpayılıqdır. Səhiyyə ocaqları ən müasir tibbi avadanlıq, mərkəzləşdirilmiş istilik, oksigen sistemləri, qida və dərman preparatları ilə, habelə mebel dəsti ilə təchiz edilib.

Uşaq xəstəxanası laboratoriya, poliklinika, müayinə otaqları, palatalar, fizioterapiya, doğum evi laboratoriya, doğuş bloku, cərrahi blok, doğuş kabinələri, ginekoloji kabinetlər, USM, reanimasiya, palatalar və sairdən ibarətdir.

Tibb ocaqlarının həyətlərində geniş abadlıq işləri aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar