ADNA-dakı terror ANS-in gözü ilə
30 Aprel 2010 Cümə 11:30
ANS-in əməkdaşı gördüklərini belə xatırlayır.
Azərbaycan Dövlət Neft Akademiyasında törədilən qanlı hadisədən bir il keçsə də, bu faciənin dəhşətini sanki bu gün baş veribmiş kimi yenidən yaşayırıq. Ötən il aprelin 30-u səhər saat 9.30 radələrində baş verən qanlı hadisə yerinə ANS-in çəkiliş qrupu da ilk özünü yetirənlərdən olub. ANS TV-nin aparıcısı Rəşad Abbasov həmin vaxt gördüklərini belə xatırlayır:

“Hadisə yerinə çatanda camaatın əlindən Akademiyaya getmək mümkün olmadı. Eşidən-bilən qaçırdı hadisə yerinə. Biz də piyada qaçmalı olduq. Artıq hadisə yerinə çatanda ilk qanı gördüm, dedilər ki, vurulanlardan iki nəfəri aparıblar. Qaça-qaça içəri girdim. Yerdə ilk gördüyüm qatıq şüşəsi idi, güllə ilə vurulub dağılmışdı, qanla qatıq qarışmışdı. Hələ də nə baş verdiyini anlamırdım. Sonra, yuxarıdan yaralını düşürəndə gördüm ki, başından vurublar. Onda bildim ki, güllə ilə vurulmadır”.

Rəşad Abbasov hadisə yerində olarkən, cinayətkarın hələ də sağ olduğunu və yuxarı mərtəbədə gizləndiyini deyir. Nə baş verdiyini dəqiq araşdırmaq məqsədi ilə çəkiliş qrupu da akademiyanın yuxarı mərtəbələrinə qədər qalxıb:

“Burada bir əməliyyatçının silahla divara qısıldığını gördüm. Məni görüb əli ilə işarə etdi ki, gəlmə. Onda silahlının hələ də burada olduğunu bildim. Mən 5-ci mərtəbəyə qədər qalxmışdım. Ən sonda üç adam öldürmüşdü. Laborotariya müdiri Tamella xanım, Ramiz müəllim və daha başqa bir meyit yerdə idi. Qatil 6-cı mərtəbədə Yusif Bəndəliyevi vurmuşdu. Sən demə, mən 5-ci mərtəbədə olanda, o, 6-cı mərtəbədəymiş, sonra özünü vurdu. Mən orda olanda polislərin məruzə etməsini eşitdim ki, naməlum şəxs özünü vurdu”.

Qeyd edək ki, ANS televiziyası ADNA-da baş verən faciəyə həsr olunmuş “ADNA günü” adlı sənədli film hazırlayıb. Filmin müəllifi də elə həmin hadisələrin şahidi olan Rəşad Abbasovdur. Filmin “ADNA günü” adlandırılmasını müəllif bu adın bir neçə məna kəsb etməsi ilə izah edir. Baş hərflərinə nəzər saldıqda, Azərbaycan Dövlət Neft Akademiyasının qanlı günü anlamına gəlir və bir də faciə həftənin cümə axşamı, yəni adna günü baş vermişdi.

Filmin çəkilişləri Bakıda, Gəncədə və Gürcüstanın paytaxtı Tiflisdə, eləcə də cinayətkar Fərda Qədirovun yaşadığı Marneuli rayonunun Daştəpə kəndində aparılıb. Fərda Qədirovun qonşuları onun haqqında bildiklərini danışıb. 15 ildir Rusiyada yaşadığından kənd camaatının onun ancaq uşaqlığı yadında qalıb. 2008-ci ilin oktyabrında Marneuli rayonunun Daştəpə kəndinə gəlib öz evlərində yaşamağa başlayıb. 5 ay orda yaşasa da, kənd camaatı onu az görüb. Ancaq çörək almağa çıxarmış. Fərda həddindən artıq dəyişkən insan olub. Sakit, özünə qapalı olan Fərda deyilənə görə, öz-özünə gülürmüş, danışırmış.

Filmdə Fərda Qədirovun Daştəpə kəndində yaşadığı evi də lentə alınıb. Yaxın qonşuları və qohumları isə onun yaşam tərzi, məşhurlaşmaq istəyi barədə məlumat veriblər. 15 il ərzində evlərində gözətçi olan Telman adlı bir kişi bildirib ki, evə girməyə nə qədər cəhd etsə də, Fərda, bir neçə ay ərzində gözətçini evə buraxmayıb:

“Mən müxtəlif bəhanələrlə evə girmək istəyirdim ki, bilim nə işlə məşğuldur, nə edir? Amma o, məni içəri buraxmırdı”.

Qonşularının dediyinə görə, Fərda yüksək səslə musiqiyə qulaq asırmış. Ehtimal edirlər ki, həmin vaxt Fərda evin zirzəmisində tapança ilə məşq edirmiş.

Rəşad Abbasov: “Çəkilişlər zamanı evin içərisinə girə bilmədik, çöl darvazanı açdılar. Məşq etdiyi otağı çəkmişik. Yaxın qohumunun dediyinə görə, hadisədən bir-iki gün qabaq qohumlarına zəng edib deyib ki, “mən qəhrəman olacam, məşhurlaşacam”".

Göründüyü kimi Fərda, bir növ törədəcəyi hadisənin anonsunu edirmiş. Bir sözlə “ADNA günü” filmində Neft Akademiyasındakı faciə zamanı ölən 12 nəfərin ailə üzvləri, qatilin gülləsinə tuş gəlib sağ qalanlar yaşadıqları dəhşətli anları xatırlayıblar.

Fərda Qədirovun mənfi qəhrəmanlığının qanlı nəticələri, faciəli hadisənin indiyə qədər eşidilməyən məqamlarını əks etdirən “ADNA günü” filmi bu axşam saat 22.00-da ANS-in efirə yayımlanacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar