“Accessbank”ın aktivləri 6 faiz artıb
23 Yanvar 2012 Bazar Ertəsi 21:12
Bankın kredit portfeli 11 faiz artaraq təxminən 300 milyon manatlıq həddə çatıb.
“AccessBank” 2011-ci il ərzində özünün bazardakı mövqeyinin inkişafı və möhkəmləndirilməsi istiqamətində böyük işlər görərək ili uğurla başa çatdırıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 9 illik fəaliyyəti ərzində bank bir çox fəaliyyət istiqamətləri üzrə ölkədə əhəmiyyətli mövqe tutub.

Belə ki, 2011-ci il ərzində bankın aktivləri 6 faiz artaraq 380 milyon manatdan çox olub, bankın kredit portfeli isə 11 faiz artaraq təxminən 300 milyon manatlıq həddə çatıb. O cümlədən, bankın istehlak kreditləri təxminən 25 milyon manata çatıb və bu zaman artım 48 faiz təşkil edib.

Bankın depozitləri 17 faiz artaraq 145 milyon manatlıq həddi ötüb. Amma bank üçün ən əhəmiyyətli nəticə ondan ibarətdir ki, bank portfelin keyfiyyətini yüksək səviyyədə saxlamaqda davam edir: 2011-ci ilin sonuna 30 gündən artıq gecikdirilmiş kreditlərin payı bütünlüklə portfel üzrə 0,76 faiz olub.

Həmçinin, “AccessBank”ın nizamnamə kapitalında da dəyişikliklər baş verib – 62,2 faiz artaraq 67,8 milyon manat təşkil edib. Qeyd edək ki, nizamnamə kapitalı, ötən ilin nəticələrinə görə bankın bölüşdürülməmiş mənfəəti hesabına artırılıb.

Xatırladaq ki, “AccessBank”ın müxtəlif beynəlxalq təşkilatlardan aldığı mükafatların sayı ildən ilə artır. Belə ki, ötən il “Global Finance” və “Euromoney” nəşrləri “AccessBank”ı Azərbaycanın ən yaxşı bankı elan edib, “The Banker” nəşri isə “AccessBank”ı “İlin bankı” adına layiq görüb. Bundan əlavə, 2011-ci ilin baharında “Fitch” reytinq agentliyi növbəti dəfə bankın reytinqini BB+ “sabit” proqnozu səviyyəsində təsdiqləyib – hal-hazırda bu, Azərbaycan bankları arasında ən yüksək göstəricidir. Həmçinin, ötən il ərzində bank özünün növbəti regional filialını açıb və 315 yeni əməkdaş işə qəbul olunub.

Qeyd edək ki, “AccessBank” 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank – Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar