ABŞ Suriyadakı səfirliyin əməkdaşlarını təcili evakuasiya edir
26 Aprel 2011 Çərşənbə Axşamı 14:08
Ölkənin cənubunda vəziyyət isə gərgin olaraq qalır
ABŞ dövlət departamenti Suriyada yaranmış qeyri-sabit vəziyyətlə əlaqədar oradakı səfirliyin əməkdaşlarının çoxunun və onların ailələrinin dərhal evakuasiyası barədə göstəriş verib. Dəməşqdəki ABŞ səfirliyində yalnız diplomatik nümayəndəliyin işinə dəstək verəcək əsas əməkdaşlar qalacaq. Dövlət Departamenti həmçinin ABŞ vətəndaşlarını Suriyaya səfərləri təxirə salmağa, artıq orada olanları isə dərhal geri qayıtmağa çağırıb.
Qeyd edək ki, Suriyanın bir sıra iri şəhərlərində artıq bir neçə həftədir kütləvi anti-hökumət nümayişhləri keçirilir. ABŞ prezidenti Barak Obama isə Suriya prezidenti Bəşər Əsəd və onun hökumətinə qarşı sanksiyaların tətbiqinin mümkünlüyünü nəzərdən keçirir.
Bu arada Suriyanın cənubundakı Deraa şəhərində təhlükəsizlik qüvvələrinin yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində ölənlərin sayı 40-a çatıb. Onlarla insanın yaralandığı xəbər verilir. Şəhər hökumət qüvvələrinin mühasirəsindədir. Komendant saatı tətbiq edilib. Elektrik enerjisi kəsilib, rabitə əlaqəsi yoxdur.
Şahidlər Omari məscidinin səkkiz tank və iki zirehli maşınla mühasirəyə alındığını xəbər verirlər. Şəhərdə üç minədək hərbçinin olduğu, onların dövlət müəsissələrinin girişlərinə də nəzarət etdiyi bildirilir. Suriyanın hüquq müdafiə təşkilatları Dəməşq ətrafı regionlara və cənubdakı Nava, Enhil, Casem, Maadimiyə şəhərlərinə də hərbçilərin yeridildiyini təsdiqləyirlər. Həmin ərazilərdə də ölümlə nəticələnən toqquşmalırın olduğu bildirilir.
Suriya rəhbərliyi sakinlərin onları silahlı terror qruplaşmalarından qorumaqla bağlı xahişinə əsasən hökumət qüvvələrinin Deraa şəhərinə yeridildiyini iddia edir.
DOSTLARINLA PAYLAŞ: