ABŞ səfiri Azərbaycanda yaşayan udinlərə sual verib
14 May 2013 Çərşənbə Axşamı 22:15
Riçard Morninqstar Qəbələnin Nic qəsəbəsinnin sakinlərindən onların digər millətlərlə, xalqlarla olan münasibətləri haqda soruşub.
Bu gün ABŞ-nın Azərbayandakı səfiri Riçard Morninqstar Qəbələnin Nic qəsəbəsinə gedib. Nic qəsəbəsindəki Cotari alban kilsəsinə baş çəkən ABŞ-nın Azərbaycandakı səfiri Riçard Morninqstar Udi Alban Xristian icmasının, “Orain” mədəniyyət mərkəzinin nümayəndələri ilə görüşüb. Görüş zamanı səfirə Nic qəsəbəsi və orada yaşayan udinlər haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycanda yaşayan 4 minə yaxın udinin məhz 3700-ü Nic qəsəbə sakinləridir. 6 minə yaxın əhalisi olan Nic qəsəbəsi bu baxımdan tolerantlığın bariz nümunəsidir. Hazırda qəsəbədə 3 kilsə, 2 məscid var. Fəaliyyət göstərən 5 məktəbdən isə 3-ü rus dilli, 2-si Azərbaycan dillidir. Bildirilib ki, bu məktəblərdə hətta udin dili də tədris olunur və bunun üçün dərs vəsaiti də var. ABŞ səfiri daha sonra fikirlərini mətbuatla bölüşüb:

“Bu çox gözəl bir səfərdir. Udi icmasının nümayəndələri ilə çox faydalı görüşümüz, müzakirələrimiz oldu. Udinlərin Azərbaycanda ilk məskunlaşma dövründən bəri dinc əmin-amanlıq şəraitində yaşaması onu sübut edir ki, hər bir dini və etnik icmanın, azlığın nümayəndələri Azərbaycanın istənilən yerində yüksək tolerantlıq və hörmət şəraitində yaşaya bilər. Və bura bu ərazi məndə çox dərin təəssüratlar yaratdı. Müxtəlif xalqların bir yerdə yaşaması çox gözəl faktdır. Müsəlmanlar, xristianlar, yəhudilərin bir yerdə dinc şəraitdə yaşaması Azərbaycan üçün başucalığı gətirən bir faktdır”, – deyə səfir bildirib.

Nic udinlərin ilk yaşayış məskənləri olub. Bu xalqların tarixi Qafqaz Albaniyası dövrünə qədər gedib çıxır. Bu etnosun əcdadları olan utilər haqqında e.ə. V əsr yunan müəllifi Herodotun “Tarix” əsərində məlumat var. Utilər Alban çarlığının yaranmasında mühüm rolu olan 26 alban tayfalarından biridir. Hazırda xalqın adət-ənələrinin qorunub saxlanması istiqamətində dövlətin köməkliyi ilə bir sıra tədbirlər həyata keçirilir. Sovet hakimiyyəti dövründə müxtəlif səbəblərə görə bağlanan Cotari kilsəsi isə yalnız 2003-ci ildə əsaslı təmir və bərpa olunan "Cotari" məbədi udinlərin istifadəsinə verilib. 17 əsrdə əvvəllərində tikilən kilsə əvvəlcə taxtadan olub.

Səfir isə mədəniyyətlərin qorunub saxlanılmasını yüksək qiymətləndirib. Səfir tarixi məlumatlara görə təşəkkrünü bildirib və kənd icra nümayəndəliyinə ABŞ tarixi haqqında kitab hədiyyə edib. Səfir udin xalqının adət-ənələri ilə maraqlanıb. Onların digər millətlərlə, xalqlarla olan münasibətləri haqqında soruşub. Daha sonra kilsə ilə yaxından tanış olan Riçard Morninqstar udin dilində yazılmış bibliya haqqında məlumatlardan bəhs edən kitabla tanış olub. Məlumat verilib ki, həmin bibliya V əsrə aiddir və Misirdə Sinay dağında tapılıb. Bu isə onu göstərir ki, udinlər hələ V əsrdən öncə də yazıya sahib olublar.

Səfir və xanımı Cotari kilsəsində şam yandırıb, dua ediblər. Sonda Udi Alban Xristian icması adından Udinlər haqqında olan kitab və təqvim səfirə xatirə olaraq hədiyyə edilib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar