ABŞ Qarabağın nizamlanması məsələsində Rusiyaya inanır
04 Mart 2011 Cümə 12:06
“Moskva bu istiqamətdə şəffaf fəaliyyət göstərir”
ABŞ Rusiyanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməklə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini tədricən “öz nəzarəti altına” götürməsi fikri ilə razı deyil. ANS PRESS-in “Mediamax” agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ dövlət katibi müavininin köməkçisi Filip Qordon bildirib.

Məlumata görə, ABŞ rəsmisi bu sözləri Slovakiyanın paytaxtı Bratislavada keçirilən “Globsec” (Global Security) konfransı iştirakçılarının suallarını cavablandırarkən deyib.

Filip Qordon əlavə edib ki, Rusiya coğrafi cəhətdən münaqişə tərəflərinə yaxın ərazidə yerləşir və onun üçün uzaq Vaşinqtondan fərqli olaraq Soçi, Moskva, Sankt-Peterburq və ya Həştərxanda görüşlər təşkil etmək çox asandır.

Diplomat bildirib ki, Rusiya bu istiqamətdə şəffaf fəaliyyət göstərir və bütün görüşlərin təfərrüatları barədə ABŞ və Fransanı məlumatlandırır.

Birləşmiş Ştatlar rəsmisinin sözlərinə görə, bu prosesdə həmsədrlər arasında bir-birinə inam var, çünki onlar ümumi maraqların müdafiəsi mövqeyindən çıxış edirlər.

“Bu maraqlar isə Avropada hərtərəfli təhlükəsizliyin təmin olunması zərurətindən ibarətdir”, - deyə Filip Qordon əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar