ABŞ Pakistanın suverenliyini pozub
03 May 2011 Çərşənbə Axşamı 13:50
Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf bu fikirdədir
Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf Əl-Qaidə lideri Usama bin Ladenin öldürülməsini "uğurlu əməliyyat" adlandırsa da, ABŞ-ı tənqid edib. Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları xüsusi əməliyyatı Pakistan hökumətindən xəbərsiz həyata keçirərək, ölkənin suverenliyini pozub. Pərviz Müşərrəf Birləşmiş Ərəb Əmirliklərində Bloomberg TV-yə müsahibəsində qeyd edib ki, ABŞ kəşfiyyatının Pakistan sərhədləri daxilində müstəqil şəkildə hərəkət etməsi siyasi cəhətdən düzgün deyil və bir ölkənin suverenliyinə xələl gətirir.

Pərviz Müşərrəf "Usama bin Ladenin niyə daha əvvəl aşkar edilmədiyi" sualına cavab olaraq bildirib ki, onun yeri məlum olmayıb, Pakistan kəşfiyyatı isə uzun müddət yalnız insan kəşfiyyatı olub, texniki kəşfiyyat inkişaf etməyib. Ölkədəki texniki kəşfiyyat Amerika Birləşmiş Ştatlarına məxsus olub.

Pərviz Müşərrəf Əl-Qaidənin intiqam alacağını da istisna etməyib. "Bin Ladenin öldürülməsi, bir tərəfdən, təhlükəli ola bilər, çünki əl-Qaidə cavab verə bilər. Ola bilər ki, çox sərt şəkildə cavab versinlər. Digər tərəfdən isə bu, sərfəli ola bilər, çünki əl-Qaidənin əsas lideri məhv edilib. Çoxları elə fikirləşir ki, bununla da əl-Qaidə üçün hər şey bitmişdir. Amma bu çox bəsit və sadəlövh fikirdir. Hərbi nöqteyi-nəzərdən deyə bilərəm ki, bu bir döyüşdür. Vacib bir döyüşdə qələbə çalınıb, amma müharibə davam edir." - Pakistanın keçmiş prezidenti belə deyib.

Bu arada, Usama bin Ladenin Pakistanda aşkar edilməsinin ABŞ-Pakistan münasibətlərinin soyumasına səbəb olacağı ehtimal edilir. ABŞ prezidenti Barak Obama bin Ladenin öldürülməsi ilə bağlı çıxışında xüsusi əməliyyat üçün Pakistanın bəzi məlumat təqdim etdiyini desə də, ölkəyə təşəkkür etməyib. Bundan başqa, ABŞ təhlükəsizlik məqsədilə Pakistan paytaxtı İslamabaddakı səfirliyini, Lahor, Kəraçi və Peşəvər şəhərlərindəki konsulluqlarını bağlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar