ABŞ Liviyada hərbi əməliyyatlarda iştirakını dayandırır
03 Aprel 2011 Bazar 13:34
ABŞ Silahlı Qüvvələri Liviyada keçirilən hərbi əməliyyatlarda birbaşa iştirakını dayandırır. APA-nın məlumatına görə, Pentaqondan bildirilib ki, Liviyada missiyanın başa çatdırılması Böyük Britaniya, Fransa və ABŞ-ın NATO-dakı digər müttəfiqlərinə həvalə olunub.
ABŞ Hərbi Hava Qüvvələri bazar günündən etibarən Liviya lideri Qəddafinin hərbi obyektlərinə zərbələrə son qoyacaq. Aralıq dənizinin Liviya sahillərindəki ABŞ gəmiləri də həmin obyektlərə “Tomoqavk” raketləri buraxmağı dayandıracaq. Pentaqondan bildirilib ki, artıq şənbə günü gəmilərdən bir raket belə atılmayıb.
Lakin ABŞ Komandanlığı hələlik gəmiləri əməliyyat zonasından geri çəkməyib. Bu, gələcəkdə digər NATO qüvvələrinə hərbi dəstək vermək zərurətinin yarana biləcəyi ilə izah edilir. Bundan sonra Amerika hərbçiləri Liviyada hərbi əməliyyatlara ancaq NATO-nun müraciətindən və bu müraciətin Vaşinqtonda təsdiqindən sona qatılacaq.
Pentaqonun hesablamalarına görə, ilk 10 gün ərzində ABŞ-ın Liviyada keçirilən hərbi əməliyyatlarda xərcləri 550 milyon dollar təşkil edib.
Qeyd edək ki, fevralın ortalarından Liviyada ölkəyə 42 ildir, rəhbərlik edən Müəmmar Qəddafinin istefaya getməsi tələbi ilə aksiyalar başlayıb. Sonradan bu aksiyalar qiyamçılar və hökumət qüvvələri arasında hərbi qarşıdurmaya çevrilib.
Beynəlxalq təşkilatlar bu qarşıdurmalarda minlərlə insanın həlak olduğunu bildirsə də, Liviya hakimiyyəti bunu inkar edir.
BMT Təhlükəsizlik Şurası martın 17-də Liviyanın hava məkanının uçuşsuz zona elan olunmasını nəzərdə tutan və beynəlxalq qüvvələrin ölkədə baş verənlərə müdaxiləsinə imkan verən qətnamə qəbul edib.
Martın 19-dan Böyük Britaniya, Fransa, ABŞ, Kanada, Belçika, İtaliya, İspaniya, Danimarka və Norveçin daxil olduğu koalisiya qüvvələri Liviya hakimiyyəti əleyhinə əməliyyatlara başlayıb.
Liviya kampaniyasına rəhbərlik martın 31-də NATO komandanlığına keçib. NATO-nun şərti “Şəfəq yolçuluğu” adlanan əməliyyatlarının məqsədi silah təchizatına embarqonun, Liviya üzərində uçuşsuz zonanın təmin edilməsi və dinc əhalinin müdafiəsi üçün tədbirlər görülməsidir. APA
DOSTLARINLA PAYLAŞ: