ABŞ Konqresinin üzvü Xocalı faciəsi ilə bağlı bəyanat verdi
17 Fevral 2012 Cümə 02:04
Stiv Koen həmkarlarını ABŞ-ın güclü müttəfiqi olan Azərbaycandakı dostlarla birlikdə Xocalı faciəsini anmağa çağırıb.
ABŞ Konqresində Tennesi ştatının demokrat təmsilçisi Stiv Koen Nümayəndələr Palatasında Xocalı qırğınının 20-ci ildönümünü anan bəyanatla çıxış edib. Konqresmen bildirib ki, faciənin ildönümü Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərin artırılması zərurətini xatırladır. O, öz ölkəsini, Minsk qrupunun həmsədri kimi, bu uzunmüddətli münaqişənin nizamlanması ilə ciddi məşğul olmağa çağırıb.

Stiv Koen Koqnresdəki həmkarlarını dünyanın mürəkkəb və strateji baxımdan əhəmiyyətli bölgəsində ABŞ-ın güclü müttəfiqi olan Azərbaycandakı dostlarla birlikdə Xocalı faciəsini anmağa çağırıb. Konqresmen bildirib ki, 1992-ci il fevraın 25-26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən Azərbaycan mənşəli mülki vətəndaşlara qarşı ən böyük qırğın törədilib: “Nə vaxtsa yeddi minlik əhalisi olan Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən tamamilə yerlə-yeksan edilib, 106-sı qadın, 83-ü uşaq olmaqla 613 nəfər qətlə yetirilib. Onların 56 nəfəri xüsusi qəddarlıq və işgəncə ilə öldürülüb. 1 275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb, 76-sı azyaşlı uşaq olmaqla, 487 nəfər əlilə çevrilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130-u isə ən azı bir valideyndən mərhum edilib”. S.Koen faciənin dəhşətli təfsilatları haqda danışarkən, o zaman hadisə barədə yazan, ABŞ-ın “Newsweek”, “Times” jurnallarına, eləcə də Rusiyanın “Memorial” təşkilatının məlumatlarına istinad edib.

Konqresmen deyib ki, Xocalı əhalisinin bir qismi hücum ərazisindən çıxmaq istəyərkən pusquya düşüb və vəhşi işgəncələrlə öldürülüb. Konqresmen ermənilər tərəfindən qadın, uşaq və yaşlı insanlara qarşı istifadə edilən zorakılıq və işgəncələri “təsviredilməz” adlandırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar