ABŞ-ın xarici siyasətində özbaşınalıq hökm sürür
30 May 2010 Bazar 11:45
İran Parlamentinin spikeri bəyanatla çıxış edib.
“Amerikanın xarici siyasətində özbaşınalıq hökm sürür və bu səbəbdən də İranın uranı zənginləşdirməsilə bağlı məsələdə ABŞ-ın qərarı ədalətli olmaya bilər”. Bu sözləri İran Paralmentinin spikeri Əli Laricani deyib.
O hesab edir ki, Türkiyə və Braziliya tərəfindən dəstəklənən razılaşma əsas kimi götürülməlidir.
Əli Laricani dünya ölkələrini Braziliya və Türkiyə tərəfdən dəstəklənən nüvə razılığını sözügedən mübahisənin həlli üçün əsas kimi nəzərdən keçirməyə çağırıb. Laricani bəyan edib ki, Qərb üçün seçim vaxtı çatıb.
“Əgər Qərb danışıqlar masası arxasına qayıtsa və bu razılıq çərçivəsində danışıqlar aparsa onlar fundamental məsələləri həll edə bilərlər. Lakin əgər onlar aldatmaq məqsədilə hərəkət etsələr və siyasi mənada oyun oynasalar, İran rəsmiləri bunu nəzərə alacaq və parlament də bu məsələni dəqiqliklə izləyəcək. Bu onlar üçün faydalı deyil. Bu addımla əməkdaşlıq yolu çox çətin olacaq”, - deyə Laricani söyləyib.
Qeyd edək ki, Birləşmiş Ştatlar qismən də olsa bu müqaviləni tənqid edərək onun İranı uranı zənginləşdirmək planlarından çəkindirməyəcəyini bildirib. BMT Təhlükəsizlik Şurası isə İslam Respublikasının uranı zənginləşdirmək planlarından əl çəkməməsinə görə, ona qarşı 4- cü paket qadağaları hazırlayır. Laricani Birləşmiş Ştatların bu razılıqla bağlı narahatlığına da münasibət bildirib.
“Bu müqavilənin bir çox çatışmazlıqlarının olduğunu bildirən ABŞ-ın dövlət katibi Hillari Klintondan bu problemlərin bir neçəsini sadalamağı istədik. Bu cürə ümumi şərhlər beynəlxalq arenada nə fayda verə bilər? Əgər siz inanırsınız ki, burada çatışmazlıqlar var, o halda onlar danışıqlar yolu ilə həll edilməlidir. Gəlin və danışın. Mən inanıram ki, Birləşmiş Ştatların xarici siyasətində özbaşınalıq hökm sürür”, - deyə İran paralmentinin spikeri bildirib.
Spiker eyni zamanda vurğulayıb ki, İran prezidenti Mahmud Əhmədinejatın bir neçə gün öncə paytaxt Tehranda çıxışında Rusiya prezidenti Dmitri Medvedevi ABŞ-ın yeni qadağalara dair səylərinə dəstək verməsinə görə, mühakimə etsə də, rəsmi Moskva ilə Tehran arasında münasibətlər normal səviyyədədir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: