ABŞ-ın Corciya ştatı Xocalı qətliyamı ilə bağlı qətnamə qəbul edib
28 Fevral 2012 Çərşənbə Axşamı 12:03
"Prezident Serj Sərkisyan bu qətliyamı “stereotipləri qırmaq üçün qisas aktı” adlandırdığı halda, Ermənistan bu faciəyə görə məsuliyyəti rəsmən inkar edir".


Bakı-APA. Nyu-Cersi ştatından sonra Corciya ştatı da Xocalı qətliyamı ilə bağlı qətnamə qəbul edib. APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, ştatın Nümayəndələr Palatası 1594 saylı qətnaməni Azərbaycan və türk diasporunun həyata keçirdiyi güclü kampaniya nəticəsində qəbul edib.

ABŞ qanunvericilik tarixində ilk dəfə olaraq bu qətnamədə Ermənistan prezidenti Serj Sərkisyanın adı qətliyamla bağlı çəkilir.

“1992-ci il, fevralın 25-dən 26-na keçən gecə erməni qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayı Azərbaycanın Xocalı şəhərinə hücum edərək sakinləri vəhşicəsinə qətlə yetirib, 613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq, 70 yaşlı adam qətlə yetirilib, yüzlərlə adam itkin düşüb, 1000 nəfər əlilə çevrilib, 1275 nəfər girov götürülüb, 8 ailə tamamilə məhv edilib, 150-dən çox uşaq valideynlərindən birini və ya hər ikisini itirib”, - deyə qətnamədə bildirilir.

Sənəddə qeyd olunur ki, prezident Serj Sərkisyan bu qətliyamı “stereotipləri qırmaq” üçün qisas aktı adlandırdığı halda, Ermənistan bu faciəyə görə məsuliyyəti rəsmən inkar edir.

“1992-ci ildə törədilmiş Xocalı qətliyamı beynəlxalq səviyyədə tanınmayıb, bu faciənin qurbanlarının tanınması və xatırlanması lazımdır. Ona görə də Nümayəndələr Palatası qərara alır ki, Xocalı qətliyamının 20-ci ildönümündə bu qurumun üzvləri qətliyamın qurbanlarını xatırlayanlara qoşulsun və bununla bağlı dərin təəssüf hissi keçirdiklərini bildirsin. Qərara əsasən, Nümayəndələr Palatasının Katibi bu qətnamənin nüsxəsini ictimaiyyətə və mətbuata göndərməlidir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar