ABŞ-ın Bakıya mesajı...
13 Mart 2010 Şənbə 22:50
Qərb son vaxtlar Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti qabartmağa meyllənib.
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları uydurma erməni soyqırımına dair qərarlarla kölgədə qoyan qərb ölkələri, diqqəti yayındırmaq məqsədi ilə son vaxtlar Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti qabartmağa meyllənib. Ekspertlərin qənaətinə görə, cərəyan edən hadisələr, yazılan, yayılan hesabatlar Azərbaycana qarşı təzyiq metodları kimi qiymətləndirilir. Qərb, xüsusən də, Azərbaycanda hər hansı bir mühüm hadisənin baş vermə astanasında aktivlik nümayiş etdirir.

"Vaşinqton Post" qəzetində Azərbaycan dövlət başçısının xarici ölkələrdən birində mülkləri ilə bağlı yazılan məqalənin ardınca ABŞ Dövlət Departamentinin dünyada insan hüquqları sahəsində vəziyyətə dair illik hesabatının Azərbaycana aid hissəsində əks olunanlar iki ölkə arasında diplomatik münasibətlərdə müşahidə olunan soyuqluğun təzahür forması olmaqla yanaşı, həm də rəsmi Bakıya mesajdır.

Qeyd edək ki, hesabatda 2008-ci il prezident seçkiləri, KİV-in azadlığının məhdudlaşdırılması, jurnalistələrə təzyiqlər, siyasi məhbuslar problemi, dini qadağalar və işgəncələrlə bağlı faktlar əhatə olunub. Hesabata görə, Azərbaycanda şəffaflıq da ciddi problemdir. "Hökumət, nazirliklər və dövlət qurumları öz fəaliyyətləri barədə informasiyaların cəmiyyətə çatdırılmasında maraqlı deyil. Korrupsiya isə cəmiyyətin bütün aspektlərinə, o cümlədən dövlət xidmətinə, nazirlər və hakimiyyətin ən yüksək pillələrinə yayılıb. İl ərzində ölkədə xırda korrupsiya faktlarına dair bir neçə cinayət işi açılıb, lakin bu faktlar korrupsiyanın, xüsusilə də irihəcmli korrupsiyanın yayılmasına qarşı heç bir təsir göstərməyib",-deyə hesabatda bildirilib.

Hesabatın əvvəlki illərlə analogiyasını aparan ekspertlər bu qənaətdədirlər ki, məruzənin mətnində elə ciddi fərqlər sezilmədiyindən bu Azərbaycana təzyiq vasitəsi kimi qiymətləndirilə bilər.

Politoloq Ərəstun Oruclu hesab edir ki, ABŞ səfirinin göndərilməməsi, eyni zamanda bugünədək yüksək səviyyədə görüşlərin olmaması, dövlət katibi səviyyəsində görüşün olması göstərir ki, Azərbaycanla ABŞ arasında münasibətlər soyuqdur.

Burada diqqət çəkən məqam ondan ibarətdir ki, ötən ildən ABŞ-Azərbaycan demokratiya dialoqunun zəifləməsi rəsmi Vaşinqtonu erməni maraqlarının önündə getmə siyasəti ilə paralellik kəsb edir ki, bu da münasibətlərdə soyuqluğu şərtləndirir. Dağlıq Qarabağ məsələsi burada müəyyən rol oynasa da, münaqişə ətrafında son vəziyyət, eləcə də hesabatda Dağlıq Qarabağ və ətraf ərazilərin Ermənistan tərəfindən işğalının vurğulanması problemin təzyiq rıçaqı olma ehtimalını aradan qaldırır. Bununla belə Birləşmiş Ştatların təkcə demokratiya müstəvisində deyil, həm də geostrateji kontekstdə Azərbaycandan dəqiq mövqe tələb etdiyi müşahidə olunur.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov hesabatın rəsmi şəkildə Prezident Administrasiyasına daxil olmasından sonra münasibət bildirməyi məqbul sayıb. O, həmçinin Azərbaycanı öz yolundan, müstəqil siyasətindən döndərmək üçün təzyiqlərin olduğunu da söyləyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar