ABŞ, Fransa və Rusiya prezidentləri Dağlıq Qarabağla bağlı bəyanat verdilər
20 İyun 2012 Çərşənbə 00:30
“Hərbi güc qarşıdurmanı nizamlamayacaq, yalnız bölgə xalqlarının əziyyət və məhrumiyyətini artıracaq”.
Meksikanın Los Kabos şəhərində G-20 ölkələrinin görüşü çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri - Barak Obama, Fransua Olland və Vladimir Putin bəyanatla çıxış ediblər. ANS PRESS-in məlumatına görə, bəyanat ATƏT-in rəsmi saytında yerləşdirilir.
Bəyanatda deyilir ki, Minsk qrupuna həmsədr ölkələrin prezidentləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli prinsipinin yenidən təsdiqlənməsi üçün birləşiblər. Onların fikrincə, münaqişə tərəfləri Dağlıq qarabağ probleminin dinc və uzunmüddətli həllini təmin edən vacib qərarların qəbulunu bundan artıq ləngitməməlidirlər. “Təəssüf edirik ki, 26 may 2011-ci ildə bizim birgə bəyanatımızdan sonra Azərbaycan və Ermənistan prezidentləri cəsarətli addım atmayıblar. Üstəlik, sülhə nail olmaq üçün vacib olan çərçivə sazişinin tam olması naminə müşahidə olunan inkişafa yeni impuls verilməlidir”.
Həmsədr ölkələrinin prezidentləri Azərbaycan və Ermənistan liderlərini bu il yanvarın 23-də Soçidə imzalanmış memorandumda nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipləri ətrafında razılaşmanı sürətləndirməyə çağırıblar. Barak Obama, Fransua Olland və Vladimir Putin bəyan ediblər ki, Azərbaycan və Ermənistan prezidentləri danışıqlarda ekstremist mövqedən çəkinməli, 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsinə höromət etməli, düqşmənçilik bəyanatları ilə vəziyyəti gərginləşdirməkdən uzaq durmalıdırlar.
ABŞ, Fransa və Rusiya prezidentləri güc tətbiqi və bu barədə bəyanatlardan istifadə edilməməsi, ərazi bütövlüyü, eləcə də, xalqların öz müqəddəratını təyinetmə hüququnun əsas götürülməsinin vacibliyini bir daha vurğulayıblar.
“Hərbi güc qarşıdurmanı nizamlamayacaq, yalnız bölgə xalqlarının əziyyət və məhrumiyyətini artıracaq. Yalnız sülh yolu ilə əldə olunan nizamlama regiondakı status-kvonu təhlükəsiz və çiçəklənən gələcək istiqamətində dəyişdirə bilər”, - bəyanatda deyilir.
Prezidentlər bildirirlər ki, onların ölkələri həmsədrlərin vasitəçilik səylərimni dəstəkləmək üçün işləri davam etdirəcəklər. Lakin onlar bəyan edirlər ki, son məqamda hər şey tərəflərin razılaşma və qarşışıqlı anlaşmasından asılı olacaq.
DOSTLARINLA PAYLAŞ: