ABŞ Dövlət katibinin yardımçısı Qarabağdan danışdı
17 Noyabr 2012 Şənbə 16:44
Erik Rubin: Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllinə kömək etmək Obama administrasiyası üçün əsas prioritetlərdən biri olaraq qalacaq.
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Erik Rubin Birləşmiş Ştatların Azərbaycanla yüksək tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə dəstəyi davam etdirəcəyini bildirib. ANS PRESS-in məlumatına görə, E. Rubin bu açıqlamaları Azərbaycan Amerika Alyansının “Vaşinqtonda bakılı dostlarla gecə” adlı qala-ziyafətdə verib.
E. Rubin iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsini qeyd edib. “Bu tədbir ona görə mühümdür ki, burada təkcə hər iki tərəfin rəsmiləri deyil, həm də biznes nümayəndələri, qeyri-hökumət təşkiları, eləcə də ABŞ və Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olan Amerika və Azərbaycan cəmiyyətlərinin müxtəlif təbəqələrini təmsil edən insanlar bir araya gəlib. Bu, çox müsbət haldır. Buraya toplaşan insanlara baxanda bu münasibətlərin 20 ildən artıq bir müddət ərzində nə qədər inkişaf etdiyinin şahidi oluruq. Biz qarşıda növbəti dörd il ərzində bu tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi işinin davam etdiriləcəyini gözləyirik. İki ölkə arasında ticarət əlaqələrinin səviyyəsi və investisiyaların həcmi artıb. Xüsusilə də enerji sahəsində böyük uğurlar əldə edilib. İki ölkə BMT səviyyəsində, qlobal səviyyədə, Əfqanıstan məsələsində birgə işləyir. Bütün bunlar növbəti dörd ildə əlaqələrin inkişaf etdirilməsi üçün möhkəm bir əsas yaradıb.”
Dövlət katibinin yardımçısı Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin ABŞ administrasiyası üçün əsas prioritet məsələ olaraq qalacağını da qeyd edib. “Dağlıq Qarabağ məsələsinə gəldikdə, biz 20 ildən artıqdır sürən bu olduqca ağrılı münaqişənin ədalətli və davamlı həllinə kömək etməyi ən başlıca prioritetlərimizdən biri hesab edirik. Bu, növbəti dörd il ərzində bizim üçün ən yüksək prioritet olacaq. Biz regionun bütün xalqlarının faydalacağı, uzunmüddətli, eləcə də sadiq qaldığımız prinsiplər əsasında müsbət nəticənin əldə olunmasına kömək etmək üçün mümkün olan hər şeyi edəcəyik. Bununla yanaşı, münasibətlərin inkişafına gəldikdə, bizim münasibətlərimiz sadəcə bir, ya iki məsələ ilə bitmir. Bu, daha geniş və daha dərin, bölüşdüyümüz birgə dəyərlər və istəklərə əsaslanan münasibətləri əhatə edir. Bunlardan biri Azərbaycanın dərin demokratik köklərə əsaslanan təsisatların və açıq vətəndaş cəmiyyətinin qurulması işində tərəqqi əldə etməyə davam edəcəyinə ümidlə bağlıdır. Biz bu sahədə inkişafın şahidi olmuşuq və növbəti dörd ildə də Azərbaycanın inkişafına dəstək verilməsində birgə işi davam etdirə biləcəyimizə ümid bəsləyirik.“
Azərbaycan Amerika Alyansının “Vaşinqtonda bakılı dostlarla gecə” adlı qala konserti və ziyafəti ABŞ paytaxtında yerləşən Ronald Reyqan adına Beynəlxalq Ticarət Mərkəzinin binasında keçirilib. Tədbirə ABŞ Konqresinin hazırkı və keçmiş üzvləri, Vaşinqtonda diplomatik missiyaların nümayəndələri, Azərbaycan və türk icmasının üzvləri də daxil olmaqla, 700-ə yaxın qonaq qatılıb. Tədbir Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun dəstəyi ilə keçirilib
Ziyafətdə nitq söyləyən ABŞ Konqresinin Avropa və Avrasiya məsələləri üzrə alt komitəsinin sədri Don Barton ABŞ-Azərbaycan əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qısa müddətə tədbirə qatılan Nümayəndələr Palatasının spikeri Con Beynerlə yanaşı, qalada ABŞ senatorları Saksbi Çambliss, Riçard Burr də iştirak ediblər.
“Bu tədbir musiqi, mətbəx, və mədəni mübadilənin yer kürəsinin iki nöqtəsində yerləşən xalqlar arasında necə dostluq, qarşılıqlı hörmət və anlaşma körpülərinin qurmasının fantastik nümunəsidir”, deyə Alyansın yaradıcısı Anar Məmmədov qeyd edib. “Bu axşam Azərbaycanın bir çox istedadlı ifaçılarının ifasındakı gözəlliyi, qüvvə və enerjini gördükləri zaman qonaqlarımızın simalarındakı heyranlığı görmək inanılmaz idi. Fəaliyyətimizi davam etdirdikcə mən qarşılıqlı anlaşma və tərəfdaşlıq üçün belə mübadilələrin inkişaf etdirilməsinə ümid edirəm” deyə, o, əlavə edib.
Gecədə həmçinin Azərbaycan Amerika Alyansı təşkilatı tərəfindən təsis edilən tələbə təqaüdləri təqdim edilib. Qala ziyafətdə “Natiq ritm qrupu” və “Cəngi” rəqs ansamblı, muğam ustası Mənsum İbarhimov, “Evrovision 2011” müsabiqəsinin qalibləri Ell&Nikki iştirak edib.
Qeyd edək ki, Azərbaycan Amerika Alyansı ABŞ paytaxtı Vaşinqtonda 2012-ci ilin əvvəli təsis edilib. Təşkilatın məqsədi Amerika və Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin inkişafı və iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsindən ibarətdir. Alyans iş adamı Anar Məmmədov tərəfindən təsis edilib. Bu ilin əvvəli Azərbaycan Amerika Alyansının təşəbbüsü ilə ABŞ-da Xocalı soyqırımının tanıdılması məqsədilə kampaniya keçirilib.
DOSTLARINLA PAYLAŞ: