ABŞ Dövlət Departamenti insan alveri ilə bağlı vəziyyətə dair hesabatını açıqlayıb
20 İyun 2012 Çərşənbə 14:39
Hesabatda Azərbaycanda bu sahədə vəziyyət də əks olunub.
ABŞ Dövlət Departamenti dünyada insan alveri ilə bağlı vəziyyətə dair növbəti illik hesabatını açıqlayıb. APA-nın xəbərinə görə, hesabatda 150-dən çox ölkədə, o cümlədən Azərbaycanda bu sahədə vəziyyət araşdırılıb.

Azərbaycan TVPA (ABŞ-ın trafikinq qurbanlarının müdafiəsi aktı) standartlarına tam uyğun olmayan, lakin bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün ciddi səylər göstərən ölkələrin siyahısına daxil edilib.
Sənəddə deyilir ki, Azərbaycan məcburi əməyə sövq edilən kişi, qadın və uşaqlar, eləcə də seksual istismara məruz qalan qadın və uşaqlar üçün mənbə, tranzit və təyinat ölkəsidir: “Azərbaycanlı kişilər və oğlanlar Rusiyada məcburi əməyə sövq edilir. Azərbaycanlı qadınlar və uşaqlar isə Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya və İranda seksual istismara məruz qalır. Qadın və uşaqlar Azərbaycanın daxilində də məcburi əməyə, o cümlədən dilənçiliyə məcbur edilir”.

Hesabatda Azərbaycana tövsiyələr də yer alıb:

- Trafikinq sahəsində milli mexanizmin həyata keçirilməsi işinin yaxşılaşdırılması yolu ilə məcburi əmək qurbanlarının üzə çıxarılması üçün səylərin artırılması və əmək müfəttişlərinə zəruri təlim keçilməsi;

- İnsanların məcburi əmək və trafikinqə cəlb edilməsində günahkar olanlar, o cümlədən məmurlarla bağlı təhqiqat aparılması, onların cəzalandırılması və məhkum olunması üçün tədbirlər görülməsi;

- Tikinti meydançalarında məcburi əmək qurbanlarının üzə çıxarılması məqsədilə aparılan əmək müfəttişliyinin keyfiyyətinin yaxşılaşdırılması, məcburi əmək hallarına son qoyulması məqsədilə əmək miqrasiyası sahəsində qanunvericiliyin dəyişdirilməsi məsələsinə baxılması.

Sənəddə qeyd olunur ki, hesabat dövründə Azərbaycan hökuməti trafikinqlə mübarizə üzrə təhqiqatların aparılması üçün bir sıra səylər göstərib. 2011-ci ildə hökumət seks ticarəti sahəsində 17, məcburi əmək hallarına dair də 2 yeni cinayət işi üzrə təhqiqat aparıldığını açıqlayıb. Ötən il seks ticarəti ilə bağlı 10 nəfər məhkum olunub. Müqayisə üçün 2010 və 2009-cu illərdə müvafiq olaraq 28 və 58 nəfər məhkum edilib.

Hesabatda bildirilir ki, Azərbaycan hökuməti ötən müddətdə insan alveri qurbanlarının müdafiəsi və onlara kömək göstərilməsi sahəsində tərəqqi əldə edib, lakin qurbanların aşkara çıxarılması problemi hələ də narahatlıq doğurur. 2011-ci ildə Azərbaycanda seks ticarətinin qurbanı olmuş 29 qadın və bir uşaq müəyyən olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar