Abdullah Gülün Sarkisyanı təbrikinin arxasında nə dayanır?
22 Fevral 2013 Cümə 13:02
Politoloq: Mən Türkiyə prezidentinin bu adımını siyasi naşılıq kimi dəyərləndirirəm.
Serj Sarkisyanı yenidən Ermənistan prezidenti postuna seçilməsi münasibətilə təbrik edən dövlət başçıları arasında Türkiyə prezidenti Abdulla Gül də olub. Türkiyə prezidentinin bu addımı barədə yayılan məlumatlara azərbaycanlı politoloqlar ANS PRESS vasitəsilə münasibət bildiriblər.

Qabil Hüseynli: “Abdullah Gülün təbrikini siyasi gediş adlandırmaq üçün arqument tapmaq çox çətindir. İlk növbədə onu xatırlamaq lazımdır ki, A. Gül prezident seçiləndə Serj Sarkisyan onu təbrik etməmişdi. Ermənistanda müxalifətin seçkinin nəticələrinə etiraz edərək aksiyalar keçirməsi fonunda Abdullah Gülün tələsik Serj Sarkisyanı prezident seçilmək münasibətilə təbrik etməsi doğurdan da qəribədir. Mən Türkiyə prezidentinin bu adımını siyasi naşılıq və böyük dövlət başçısı kimi öz yerini bilməmək kimi dəyərləndirirəm. Abullah Gül kifayət qədər uğursuz və perspektivi olmayan bir addım atdı. Azərbaycan isə öz növbəsində təmkin nümayiş etdirərək bir erməni gədəsinə görə, qardaş dövlətlə münasibətlərini korlamamalıdır”.

Aydın Mirzəzadə: “Abdullah Gülün Serj Sarkisyana təbrik məktubu ünvanlaması başadüşülən deyil. Birincisi ona görə ki, Ermənistan prezident seçkilərinin hələlik ilkin nəticələri açıqlanıb, bu ölkədə hələ də gərginlik yaşanmaqdaır. İkincisi Serj Sarkisyan başda olmaqla Ermənistan rəhbərliyi Türkiyəyə qarşı aqressiv siyasət yürüdürlər və beynəlxalq miqyasda Türkiyənin mənfi imicinin formalaşması üçün əllərindən gələni edirlər. Bu məsələ Azərbaycanla yanaşı Türkiyənin özündə də narazılıq doğurub. Böyük Millət Məclisində bəzi millət vəkilləri və nüfuzlu telekanalların bəzilərində Abullah Gülün bu hərəkəti qınandı. Bu Türkiyənin öz daxili işi olsa da Azərbaycanda yaranmış narazılıq qardaş ölkənin xarici siyasətini müəyyənləşdirən şəxslərdə çox ciddi bir müzakirə mövzusu olmalıdır”.

Tofiq Abbasov: “Türkiyədə Ermənistanla barışğın tərəfdarı olan qüvvələr kifayət qədərdir. Əslində Türkiyə ilə Ermənistan arasında barışığın imzalanmasına artıq start verilib. Bu proses getməkdədir. Bu bir çox amillərdə özünü göstərir. Qeyd edim ki, bu yaxınlarda məlumat yayıldı ki, Türk Hava Yollarının reysi ilə uçan təyyarələrdə erməni dilində çıxan “Abud” qəzetinin paylanılmasına başlanılıb. Türkiyədə Ermənistanla münasibəti bərpa etmək istəyənlər qüvvələrdən bəziləri hakim dairədə təmsil olunublar. Onlar çox səhv olaraq belə hesab edirlər ki, ermənilərlə barışdırıcı siyasətə görə, Qərb dövlətləri onları təqdir edəcək. Abdullah Gülün təbriki də barışığa hesablanmış bir addımdır”.

Rasim Ağayev: “Məncə Abdullah Gül Serj Sarkisyanı prezident seçilmək münasibətilə təbrik etməkdə tələsdi. Bu məsələdə bir qədər gözləmək olardı. Bir neçə gün gözləmə mövqeyi tutmaq olardı. Bundan başqa onu da unutmaq olmaz ki, Türkiyə ABŞ və Qərbin müttəfiqidir. ABŞ Ermənistanda keçirilən prezident seçkilərində ciddi qanun pozuntusunun qeydə alınmaması ilə bağlı bəyanat verdikdən dərhal sonra Türkiyə dövlət başçısından təbrik gəldi…”.





DOSTLARINLA PAYLAŞ:

oyunlar