Abdulla Gül Təzəpir məscid kompleksində olub
17 Avqust 2010 Çərşənbə Axşamı 20:35
Prezident Abdulla Gülə Qafqaz İslam Ordusunun komandanından bəhs edilib.
Bu gün Türkiyə prezidenti Abdulla Gül Azərbaycana rəsmi səfəri çərçivəsində Təzəpir məscid kompleksində olub. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin qarşıladığı prezident məscid kompleksi ilə tanış olub.

Türkiyə prezidentinə məscid və onun bərpası haqqında geniş məlumat verilib. Bildirilib ki, məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunub. Təzəpir məscidinin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir. Yuxarı hissədə “La İlahə-İlləllah” kəlməsi 6 dəfə təkrar olunmuş günbəzin tən ortasında Qurani-Kərimdən “Nas”, dairələrdə “Ayətül-kürsü”, kiçik gümbəzlərdə isə “Həmd” surələri həkk edilib.

Türkiyə dövlətinin başçısına 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni-daşnak işğalından azad edilməsi, həmin Ordunun komandanı general Nuru paşanın sentyabrın 16-da – Qurban bayramı günü bu məscidə gələrək minbərdən yerli əhalini salamlaması haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, həmin çıxışında Bakının xilası münasibətilə yerli əhalini təbrik edən Nuru paşa həlak olmuş türk əsgərlərinin qanının azərbaycanlıların qanı ilə qarışmasının tarixi əhəmiyyətini vurğulayıb.
Daha sonra Abdulla Gülə kompleksə daxil olan Bakı İslam Universitetinin tədris korpusu haqqında məlumat verilib. Türkiyə prezidenti kompleksdə Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası ilə tanış olub. Kitabxanadakı 6 min nüsxə nadir əlyazma haqqında ali qonağa ətraflı məlumat verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar