Abdulla Gül səfər öncəsi açıqlama verib
02 Oktyabr 2009 Cümə 13:15
Sabah İlham Əliyev, Abdulla Gül, Elmar Məmmədyarov və Əhməd Davudoğlu arasında görüş keçiriləcək
Türkiyə prezidenti Abdulla Gül və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Naxçıvanda keçiriləcək Türkdilli ölkələrin dövlət başçılarının sammitində iştirak etmık üçün Azərbaycana səfər edəcəklər. A.Gül Azərbaycana səfərdən öncə jurnalistlərə açıqlama verib.
O, Türkdilli ölkələrin dövlət başçılarının sammitinə böyük önəm verdiyini və sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılacağını qeyd edib.
Türkiyə prezidenti sammit çərçivəsində toplantıda iştirak edən türkdilli ölkələrin dövlət başçıları ilə təkbətək görüşəcəyini, həmçinin sabah Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun iştirakı ilə toplantı keçiriləcəyini bildirib.
Qeyd edək ki, bu gün və sabah Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının sammiti keçiriləcək. Toplantıda prezident İlham Əliyev, onun türkiyəli həmkarı Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Qırğızıstan prezidenti Kurmanbek Bakıyev iştirak edəcək. Artıq Qazaxıstan prezidenti Bakıya gəlib. CNN Türk telekanalının yaydığı məlumata görə, Türkmənistanı tədbirdə bu ölkənin prezidentinin köməkçisi Xıdır Saparliyevin təmsil edəcəyi gözlənilir.
Sammitdə türkdilli dövlətlər arasında dostluq və əməkdaşlığın gücləndirilməsi, eləcə də digər ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Tədbirin yekununda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması barədə müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, sammitlə əlaqədar Muxtar Respublikada avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
DOSTLARINLA PAYLAŞ: