Abdulla Gül: “Qafqazdakı status-kvo heç kimin xeyrinə deyil”
13 Avqust 2010 Cümə 12:50
Abdulla Gül: “… nə Azərbaycanın, nə Türkiyənin, nə də Ermənistanın”.
Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gülün Azərbaycana səfər öncəsi müsahibəsi:
- Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər qardaşlıq təməlləri üzərində qurulub. Zati-alinizin Azərbaycana həmişə xüsusi diqqət yetirdiyini, Azərbaycan prezidenti ilə dostluğunuzun olduğunu bilirik. Səfər ərəfəsində Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı nə demək istərdiniz?
- Mən prezident seçildikdən sonra ilk xarici səfərimi Azərbaycana etdim. Təkcə bu fakt mənim Azərbaycana olan diqqətimi, azərbaycanlı qardaşlarımıza məhəbbətimi göstərən ən yaxşı işarədir. Prezident İlham Əliyevlə hər fürsətdə görüşürük. Görüşlərimizdə həm ölkələrimiz arasındakı münasibətlər, həm də bölgədəki vəziyyət barədə fikir mübadiləsi aparırıq. Ortada heç kimin inkar edə bilməyəcəyi bir həqiqət var, bu həqiqət bizim böyük bir millətin parçaları olmağımızdan ibarətdir. Bu böyük millət indi fərqli dövlətlər halında mövcud olsa da, hamısının xalqları bizim soydaşlarımız və qardaşlarımızdır. Biz qardaşlarımızın hamısını zənginlik və rifah içində görmək istəyirik. Bu çərçivədə mən türk dövlətlərinə xüsusi diqqət yetirirəm. Sağ olsunlar, onlar da bizə eyni diqqət və yaxınlığı göstərirlər. Onların dərdi bizim dərdimiz, onların sevinci bizim sevincimizdir. Tarixdə də həmişə bu şəkildə olub. Nuri paşanın komandanlığındakı Qafqaz İslam Ordusu hansı işləri gördü? Bunların hamısını Azərbaycan xalqı bilir. Çox şükür ki, bu gün dünya çox dəyişib və dəyişən dünyada müstəqil ölkələrimiz var. Biz dostluq və qardaşlığımızı daha da inkişaf etdirməli, problemlərimizin həllinə kömək etməli və uğurlarımızla da qürur duymalıyıq. Keçən il Naxçıvana getmişdim. Digər türk dövlətlərinin prezidentləri ilə birlikdə Naxçıvanda Türk Şurası yaratdıq. Orada hörmətli Əliyevin qonağı olmuşduq. Ancaq oradakı toplantı çoxtərəfli idi. Düzü, biz müəyyən müddətdən bəri Bakıya getmək üçün fürsət axtarırdıq. Çünki biz ildə bir dəfə, yaxud bir neçə ildə bir dəfə bir-birimizə gedib-gəlməməliyik. Biz ildə bir neçə dəfə görüşmək imkanı yaratmalıyıq. Sentyabrda Nyu-Yorka - BMT Baş Assambleyasına gedəcəyik. Oraya getməzdən əvvəl bölgədəki məsələlər barədə fikir mübadiləsi aparmaq istədik. Qafqazda sülh və sabitlik məsələsi bölgənin başlıca problemidir. Həm ikitərəfli münasibətlərimizi daha da gücləndirmək, həm də regional problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq üçün Bakıya getməyi vacib bildik.
- Siz 2008-ci ilin sentyabrında önəmli bir həmlə edərək bölgədə daşları yerindən oynatdınız. Başlıca tezis bundan ibarət idi ki, Qarabağdakı mövcud “status-kvo” qaldıqca bu problemi həll etmək daha da çətinləşəcək. İndi bu təşəbbüsünüz hansı mərhələdədir? Azərbaycanla məşvərətlərinizdən sonra yeni bir həmlə edəcəksinizmi?
- Əslində bunların hamısı ola bilər. Mən çox açıq danışıram: prezident olduqdan bəri bu məsələ üzərində çox zəhmət çəkdim. Çünki mən inanıram ki, Qafqazdakı bu status-kvo heç kimin faydasına deyil - nə Azərbaycanın, nə Türkiyənin, nə də Ermənistanın. Dünya çox dəyişir, problemləri həll etmək lazımdır. Problemləri donmuş halda soyuducuda saxlasaq, daha sonra qəfildən o problemlər yenidən ortaya çıxa bilər. Dövlət adamlarının vəzifəsi nədir? Problemləri həll etmək. Bu bir həqiqətdir ki, ortada BMT-nin qətnamələri var. Minsk Qrupu ciddi cəhdlər göstərir, lakin aradan 18 il keçib və təəssüf ki, Minsk Qrupu konkret nəticələrə nail ola bilməyib. Bir işğalın üstündən 18-20 il keçibsə, bu, yaxşı hal deyil. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Daha sonra Ermənistanı tanımışıq. Meydana çıxan yeni dünya sistemində hər kəsin ərazi bütövlüyünə hörmət edilməlidir. Ermənistan qonşuları ilə yaxşı münasibətlər qurub əlini dənizlərə çatdıra, kommunikasiya sistemlərinə daxil ola bilər. Türkiyə, təbii ki, böyük dövlətdir. Biz qonşularımızla münasibətlərimizi “sıfır problem” səviyyəsinə gətirərkən Ermənistanla münasibətlərimizin problemli olması sözün doğrusu, xoş bir şey deyil. Ona görə də bölgədəki problemlərin ədalətli şəkildə həll edilməsi hamımızın lehinədir. Biz arzu edərdik ki, Minsk Qrupu problemin həllinə yaxınlaşsın. Ancaq indi xalq arasında Minsk Qrupu nümayəndələrinin bölgəyə gəliş-gedişlərini “turist səfərləri” kimi xarakterizə edirlər. Ona görə də yeni həmlələr lazımdır. Mən 2008-ci ildə bu təşəbbüsü irəli sürdüm. Əvvəlcə İrəvana getdim, sonra hörmətli Sarkisyan Türkiyəyə gəldi. Bütün bu proseslər barədə hörmətli prezident İlham Əliyevə də ətraflı məlumatlar verirdik. Hörmətli Putin və Medvedev də bu məsələdə yaxından iştirak ediblər. Bu problemin həllində Rusiya mühüm bir ölkədir. Ona görə də biz məsələlər barədə ətraflı məsləhətləşmələr apardıq. Bu cür ağır problemlər bir ölkənin təzyiqi və ya arzusu ilə həll edilə bilməz. Bu problemlər marağı olan ölkələr və bölgədəki digər dövlətlərin ciddi cəhdləri ilə həll edilə bilər. Bunu nəzərə alaraq mən bu həmləni etdim. Sizin də dediyiniz kimi, daşlar yerindən oynadı. Daşların yerindən oynaması önəmli bir məsələ idi. Ancaq çox məsafə də qət edilə bilmədi. Bu prosesdə həm Azərbaycanda, həm Ermənistanda, həm də Türkiyədə yanlış anlamalar oldu. Çətin məsələlər asanlıqla həll edilə bilsəydi, bu qədər xroniki hala gəlməzdi ki? Mən bütün liderlərə bunu deyirəm: bir yerdə oturmayacağıq, problemin həlli üçün durmadan çalışacağıq. Çözüm və sülh asan olmur. Ona görə də təkidlə işləmək lazımdır. Bu səfərimdə də hörmətli prezident, dəyərli qardaşım İlham Əliyevlə bu məsələlər barədə fikir mübadiləsi aparacağıq. Bu nöqteyi-nəzərdən də səfərimin faydalı olacağına inanıram.
- Bölgədə sülh yaradılması prosesində Rusiyanın təsirindən bəhs etdiniz. Prezident Medvedev və baş nazir Putinlə bu məsələlər ətrafında yaxın dialoqunuz olduğunu bilirik. Son vaxtlar Rusiya ilə Ermənistan arasındakı hərbi münasibətlərin daha da inkişaf etdiriləcəyinə dair xəbərlər gəlir. Digər tərəfdən, Rusiyanın Azərbaycana raket sistemi satmasından söhbət gedir. Bu barədə nə demək istərdiniz?
- Mən bu proseslərin məsələnin həllinə mane olacağını düşünmürəm. Bilirəm ki, hörmətli Medvedev də, Putin də, Əliyev də, Sarkisyan da status-kvonun bu şəkildə davam etməyəcəyinə inanırlar. Onlar da məsələnin həllini istəyirlər. “Soyuq müharibə” dövründə hər hansı konfliktin böyük dövlətlərin işinə yaraya biləcəyindən söhbət gedirdi. Ancaq indi vəziyyət başqa cürdür. Hər kəs problemin həlli üçün ciddi cəhd göstərir. Ancaq optimal nöqtəni tapa bilmək üçün hər kəs daha çox çalışmalıdır. Çünki problem çox xroniki hala gəlib. Mən Qafqazda sabitlik və sakitlik yaradılması üçün ümidliyəm. Niyə olmasın? Diplomatiya və müzakirələr yolu ilə bu işlər həll edilə bilər. Bugünkü dünyada başqa bir ölkənin torpaqlarını işğal etmək uzun müddət davam edə bilməz. Əgər məsələlər həll edilməzsə, nəzarətdən kənar problemlər meydana çıxa bilər. Ona görə də inadla bu işi həll etməyə çalışmaq lazımdır. Bu sahədə “səssiz diplomatiya”ya ehtiyac var. Çünki keçən il daşlar yerindən oynadıqdan sonra çox hay-küy qopdu. Məsələni səhv anlamaq Azərbaycanda da, Ermənistanda da, Türkiyədə də problemlər yaratdı. İndi səssiz, ancaq qərarlı bir diplomatiya dönəminə girmişik. Gözəl proseslərin olacağına ümid bəsləyirəm.
- 2007-ci il iyulun 30-da Türkiyəyə gələn Azərbaycan vətəndaşlarına viza rejiminin ləğvi barədə qərar qəbul etdiniz. Ancaq iki qardaş ölkə arasındakı viza problemi hələ də həllini tapmayıb. Bu dəfə viza məsələsinin qəti şəkildə həll edilməsini gündəliyə gətirəcəksinizmi?
- Biz başqa ölkələrlə vizaları ləğv edərkən qardaş ölkələrlə viza rejiminin qalmasını qəbul edə bilmirdik. Ona görə də mən xarici işlər naziri olarkən türk cümhuriyyətlərindən gələn qardaşlarımız üçün vizanı ləğv etdirmişdim. Biz bunun qarşılıqlı olmasını arzu edirik. Bununla bağlı xarici işlər nazirlərimiz müzakirələr aparır. Biz bu sahədə Azərbaycanın dəyərləndirmələrinə də hörmətlə yanaşırıq. Ancaq bu məsələ həllini taparsa, bizim də ürəyimizcə olar.
- Türkiyənin gücü sərbəst bazar iqtisadiyyatı və çoxpartiyalı demokratiyaya söykənir. Azad türk mediasının demokratikləşmədə rolu çox böyükdür. Türkiyənin demokratik təcrübə prizmasından baxarkən Azərbaycana nələri tövsiyə etmək istərdiniz?
- Türkiyə Avropa Şurasının qurucu üzvüdür. Şuraya üzv olmaq onun prinsiplərini qəbul edərək öz ölkəndə həyata keçirməkdir. Avropa Şurası demokratiya, insan haqları və hüququn üstünlüyü prinsipləri üzərində yaradılıb. Ancaq oraya üzv olan ölkələr bu standartları həmişə eyni səviyyədə yerinə yetirə bilmirlər. Əvvəllər bizim də nöqsanlarımız vardı. AŞ-nin qurucu üzvü olmağımıza baxmayaraq, 2004-cü ilə qədər monitorinq altında idik. Biz həyata keçirdiyimiz islahatlarla monitorinqdən xilas olduq və hətta AŞ Parlament Məclisinə bir türk millət vəkili sədr seçildi. Təbii ki, demokratiyaya gec keçən ölkələrin bu məsələlərdə nöqsanları var. Nöqsanları qəbul etmək heç də həmin ölkələrin üzərinə kölgə salmır. Bu gün Türkiyənin hələ də bəzi çatışmazlıqları var. Türkiyədə elə sahələr var ki, orada hüquq və demokratiya standartlarını yüksəltməliyik. İndi biz demək olar ki, hər gün standartlarımızı yüksəldirik. Ölkələr müstəqillik əldə edib demokratiyaya keçdikdən sonra birdən-birə mükəmməl vəziyyətə gəlmir. Bu işlər addım-addım həyata keçirilir. Təbii ki, biz də qardaş ölkələri demokratiya standartlarını yüksəltmələri üçün təşviq edərik. Demokratiya nə qədər çox inkişaf edirsə, ölkələrin orqanizmləri də o qədər çox sağlamlaşır. Mən 10 il Avropa Şurasında millət vəkili oldum və ölkəmdə demokratiyanın daha da dərinləşməsinə çox önəm verdim. Nazir, baş nazir və prezident olduğum dönəmlərdə Türkiyədə demokratiyanın daha dərinlərə kök atması üçün əlimdən gələn hər şeyi etdim və buna davam edəcəyəm. Burada bir daha vurğulamaq istəyirəm ki, qardaş ölkələrdə demokratiyanın dərinləşməsi üçün zamana ehtiyac var. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin və indiki prezident İlham Əliyevin hədəfləri bu olmasaydı, ölkəni Avropa Şurasına üzv etməzdilər. Demokratiyada mətbuatın rolu çox önəmlidir. Əgər media olmazsa, bizim heç nədən xəbərimiz olmaz. Mən inanıram ki, gün keçdikcə Azərbaycanda azad media daha da güclənəcək və demokratiya daha da dərinləşəcək.
- Bölgədəki sülh məsələləri ilə bağlı payızda yeni təşəbbüsləriniz olacaqmı? Yoxsa “səssiz diplomatiya” davam edəcək?
- “Səssiz diplomatiya” təbii ki, davam edəcək. Biz çox önəmli layihələr həyata keçiririk. Bakı-Tiflis-Ceyhan, Bakı-Ərzurum və Bakı-Tiflis-Qars dəmir yolu layihələri. Bakı-Tiflis-Qars dəmir yolunun 2012-ci ildə açılışını birlikdə edəcəyik. Bu yol üç ölkəni bir-birinə bağlayır. Bizim Naxçıvanla sərhədimiz var - bu, bizim Azərbaycanla sərhədimizdir. Avropadan gələn avtomobil yollarını Qara dəniz yolu vasitəsilə Gürcüstana bağlayırıq. Batumla Tiflis arasında yol çəkilir. Tiflisdən Gəncəyə gedən yol genişləndirilir. Gəncədən Bakıya qədər yol onsuz da var. Bütün bunlar bizi bir-birimizə daha çox bağlayır. Doğrusu, Azərbaycanın gələcəyi çox parlaqdır. Mən hər dəfə gedəndə Bakını daha da inkişaf etmiş görür və bundan qürur duyuram. Bütün bunlar hörmətli prezident İlham Əliyevin böyük uğurlarıdır. Keçən dəfə Gəncəyə getmişdim, oranı çox bəyəndim. Gəncədə Nuri paşanın qaldığı evi ziyarət etmişdim. Bu dəfə Şəkidə qardaşlarımızla qucaqlaşmaq üçün fürsət olacaq.
Azərbaycanın gələcəyi çox parlaqdır. Qarabağ probleminin siyasi və diplomatik yollarla həll edilməsini istəyirik. Bunun olması üçün əlimizdən gələn hər şeyi edəcəyik. Qardaş ölkənin torpaqlarının işğal altında qalmasını dünya da qəbul etməyəcək. Çünki BMT-nin qərarları ortadadır. Ermənistanın da bölgə ilə normal münasibətlər yarada bilməsi üçün hər şeydən əvvəl Qarabağ probleminin həll edilməsi lazımdır. Bir milyon qardaşımızın qaçqın durumunda olması bizə pis təsir edir. Hər kəs özünü başqasının yerinə qoyub düşünməli və hamı bu işə kömək etməlidir. Bunlar milli məsələlərdir. Partiyalar bu işlərdən öz mənafeləri üçün istifadə etməməlidir. Bu məsələlərdə Azərbaycan İlham Əliyevə, Türkiyə mənə, Ermənistan Sarkisyana güvənməlidir. Hörmətli Medvedev və Obama da bu işə daha çox dəstək verməlidirlər. Mən bu məsələlərin həlli üçün çox ümidvaram. Sizin vasitənizlə bütün azərbaycanlı qardaşlarıma salamlarımı çatdırıram. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: