Abdulla Gül DHT Holdinqin polad zavodunun açılışında iştirak edib
17 Avqust 2010 Çərşənbə Axşamı 15:50
Türkiyə prezidenti həmçinin "Azəri-Türk Bankı"nın yeni inzibati binasının açılışına qatılıb.
Türkiyə prezidenti Abdulla Gül bu gün Bakıdakı bəzi türk şirkətlərinə baş çəkib. Abdulla Gül Azərbaycanda polad istehsalı ilə məşğul olacaq DHT Holdinqin polad zavodunun açılışında iştirak edib. Çıxışında Abdulla Gül Türkiyənin Azərbaycanın iqtisadi inkişafına bundan sonra da dəstək verəcəyini və qarşılıqlı münasibətlərin daha da inkişaf etdiriləcəyini deyib.

Abdulla Gül Bakıda "Azəri-Türk Bankı"nın yeni inzibati binasının açılış mərasimində də iştirak edib. Türkiyə prezidenti bankın fəaliyyətilə tanış olub. “Yüksəliş, inkişaf, iş dünyasının təməli maliyyədir, bankçılıqdır. Dolayısı ilə dostluğumuzun və qardaşlığımızın sadəcə dildə, sözdə olmadığını bu amillər göstərir. Qardaşca, çiyin-çiyinə Azərbaycanın inkişafı, burada özəl sektorun güclənməsi, yeni-yeni iş adamlarının ortaya çıxması üçün bu amillər mühüm rol oynayır. Bu çox önəmlidir, çünki bu bank balığı tutub vermir, hər kəsə balıq tutmağı öyrədir”, - deyə Abdulla Gül burada çıxışı zamanı vurğulayıb.

Bakıda 2 günlük rəsmi səfərdə olan Türkiyə prezidenti həmçinin baş nazir Artur Rəsulzadə ilə görüşüb. Görüşdə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev iştirak edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar