7528 cinayət işinin istintaqı yekunlaşıb
29 İyul 2011 Cümə 21:18
İctimai əks-səda doğuran, keçmiş illərdə törədilərək, uzun müddət bağlı qalan bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin edilib.
Bu ilin ilk 6 ayında Azərbaycanda 7528 cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə Baş Prokurorluqda bu gün keçirilən kollegiya müşavirəsində məlumat verilib. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin birinci yarısında istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, bu sahədəki çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən tədbirlər də öz müsbət nəticələrini verib. İstintaq fəaliyyətini həyata keçirən prokurorluq, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən 7528 cinayət işinin istintaqı yekunlaşdırılıb. İctimai əks-səda doğuran, keçmiş illərdə törədilərək, uzun müddət bağlı qalan bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin edilib.

Əldə edilmiş müsbət iş göstəriciləri ilə yanaşı, məhkəmələr tərəfindən cinayət işlərinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılması, müstəntiqlər və prokurorlar haqqında xüsusi qərarların çıxarılması hallarının olması ciddi qüsurlar kimi dəyərləndirilib, onların aradan qaldırılması, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar insan hüquq və azadlıqlarının real təmini üçün zəruri tədbirlərin görülməsi, mövcud nəzarət mexanizminin daha da təkmilləşdirilməsi barədə konkret tapşırıqlar verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar