3 şirkət barəsində cinayət işi açılıb
02 May 2012 Çərşənbə 09:42
Aprel ayında Vergilər Nazirliyi tərəfindən 15 cinayət işi başlanıb.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən bu ilin aprel ayında 15 cinayət işi başlanıb ki, onlardan da 11-i külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmış sahibkarlar barəsində olub. Nazirliyin Analitik-informasiya şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, vergi orqanlarına təqdim edilən hesabatlara bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan “Araz-Tikinti Servis” MMC 90 min manat, “Çınqıl İnşaat” Təmir-Tikinti Quraşdırma müəssisəsi 133 360,47 manat, “Cahangir” MMC isə 70 220,3 manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəməkdən yayındırıblar.
Bundan əlavə, “Cahangir” müəssisəsi xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq almadan dağ-mədən işlərini həyata keçirməklə 43 339,69 manat məbləğində gəlir əldə edib. Sözügedən müəssisələr əsasən əlavə dəyər vergisi, mənfəət vergisi və ödəmə mənbəyindən tutulan vergiləri büdcədən yayındırıblar.
Departament tərəfindən aparılmış digər araşdırmalarla “Azərsutikinti” ATSC-nin Samur-Abşeronsutikinti törəmə müəssisəsində, “Ulutürk”, “YK İnşaatçı” və digər məhdud məsuliyyətli cəmiyyətlərdə külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktları aşkar edilib.
Araşdırma zamanı vergidən yayınma faktları toplanmış materiallarla təsdiq edildiyi üçün onlardan hər biri üzrə Departamentdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi (külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması) ilə müvafiq cinayət işi başlanıb.
Hazırda təqsirli şəxslərin müəyyən olunması ilə bağlı tədbirlər həyata keçirilir.
DOSTLARINLA PAYLAŞ: