28 bələdiyyənin fəaliyyətində hüquq pozuntuları aşkarlanıb
30 Dekabr 2011 Cümə 10:37
Onlardan 15-i barəsində cinayət işi başlanılıb.
Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında 2011-ci il ərzində 32 minə yaxın bələdiyyə aktının inzibati nəzarət qaydasında yoxlanıldığı və onlardan 1600-dən çoxunun nazirliyin təklifləri əsasında dəyişdirildiyi bildirilib. ANS PRESS-in Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 690 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə təqdim olunub, 28 bələdiyyənin fəaliyyətində aşkar edilən hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib. Onlardan 15-i üzrə artıq cinayət işi başlanıb. Eyni zamanda, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 4.300 hektara yaxın torpaq sahəsinin geri qaytarılması təmin olunub.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin daha da gücləndirilməsi, onlara göstərilən metodiki yardımın səviyyəsinin yüksəldilməsi üzrə davamlı tədbirlərin görülməsi, bu işdə regional ədliyyə şöbələrinin imkanlarından daha geniş istifadə olunması üzrə müvafiq tapşırıqlar verilib.
İclasda həmçinin, ədliyyə orqanlarının fəaliyyət istiqamətləri üzrə il ərzində görülmüş işlərin nəticələri müzakirə edilib, o cümlədən dövlət başçısının qəti siyasi iradəsi ilə korrupsiyaya qarşı aparılan sərt mübarizə sahəsində tədbirlər vurğulanıb, antikorrupsiya monitorinqləri həyata keçirən QHT-lər tərəfindən Ədliyyə Nazirliyinin fəaliyyətinin təqdir edilməsi qeyd olunub, habelə növbəti il üçün prioritetlər müəyyən edilərək qarşıda duran vəzifələrlə bağlı zəruri tapşırıqlar verilib. Bununla yanaşı, nazirliyin bəzi normativ-hüquqi aktlarının təkmilləşdirilməsi ilə bağlı məsələ müzakirə olunub.
Qeyd edək ki, iclasda bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.
DOSTLARINLA PAYLAŞ: