26 iyun - Azərbaycan Silahlı Qüvvələr Günü Pakistanda qeyd olunub
25 İyun 2011 Şənbə 14:58
Pakistanın paytaxtı İslamabad şəhərində yerləşən “Marriott” hotelində 26 iyun - Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə ilə təntənəli mərasim keçirilib.
Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Pakistanın tanınmış ziyalıları, dövlət və hökumət adamları, aparıcı KİV-in nümayəndələri, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistan ordusunun yüksək rütbəli generalları, Pakistanda akkreditə olunmuş hərbi attaşelər, Pakistanda təhsil alan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları və Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər. Tədbirə ali qonaq qismində Pakistan Hərbi Hava Qüvvələrinin komandan müavini, aviasiya marşalı Asim Süleyman qatılıb.
Azərbaycan Silahlı Qüvvələri və onun qoşun növlərinin təlimi ilə bağlı videoçarx nümayiş etdirildikdən sonra tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Azərbaycan Ordusunun tarixi barədə məlumat verib. Diplomat ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun istənilən tapşırığı yerinə yetirmək iqtidarında olduğunu vurğulayıb.
Pakistan Hərbi Hava Qüvvələrinin komandan müavini, aviasiya marşalı Asim Süleyman çıxışında Azərbaycan-Pakistan münasibətlərindən söz açıb, iki ölkə arasında hərbi sahədə əməkdaşlığın səviyyəsindən məmnun olduqlarını vurğulayaraq, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu bildirib.
Ölkəmizin Pakistandakı hərbi attaşesi polkovnik Daşdəmir Məmmədov da öz növbəsində Heydər Əliyevin Azərbaycan Ordusunun formalaşması sahəsindəki xidmətlərindən, ordu quruculuğunda aparılan uğurlu siyasət və nəticələri haqqında danışıb.
Mərasim Pakistanın dövlət televiziyası PTV-1 və digər KİV-də geniş işıqlandırılıb. APA
DOSTLARINLA PAYLAŞ: