21 il gözlənilən üzrxahlıq...
08 Yanvar 2011 Şənbə 23:15
20 Yanvar faciəsindən uzun müddət ötsə də, bu cinayətin müəllifi hələ də susur.
1990-ci il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilmiş cinayətin həm də mənəvi tərəfləri var. Sovet qoşunlarının Bakıya daxil olması nəticəsində 131 insan qətlə yetirilib, yüzlərlə insan isə yaralanıb, ömürlük şikəst olub. Azadlığını tələb edən günahsız insanlar qanına qəltan edilib. Amma müəllif, yəni SSRİ və onun varisi olan Rusiya öz rəhbərliyi səviyyəsində Azərbaycan xalqından ən azı üzr belə istəməyib. Doğrudur, bir neçə il əvvəl Rusiya prezidenti postunda əyləşən Vladimir Putin şəhidlərimizin məzarı qarşısında baş əydi. Amma bu, rəsmi üzrxahlıq deyilən siyasi jestdən tamamilə fərqli bir addımdır. Xalqımız qarşısında rəsmi üzxahlıq edilməyincə faciənin əsas günahkarı SSRİ prezidenti Mixail Qorbaçov məsuliyyətdən kənarda qalacaq. Çünki üzrxahlıq əslində qırğının müəllifi olduğunu elə etiraf etməkdir.
Siyasi ekspert Ərəstun Oruclu məsələyə münasibət bildirərkən deyib ki, 1994-cü ildə Milli Məclisin qərarı olub: “Həmin qərara əsasən, Qorbaçov əsas günahkarlardan bir hesab olunur. Prokurorluq da cinayətlə bağlı iş açıb və günahkarların siyahısını yaradıb ki, bu siyahıda Qorbaçov birincidir”.
Xatırladaq ki, 1990-cı ilin 20 Yanvar hadisələri 80-ci illərin sonlarında keçmiş SSRİ məkanını bürümüş azadlıq hərəkatlarının yatırılması istiqamətində sovet rəhbərliyinin həyata keçirdiyi silsilə qətliamlardan növbəti və ən qanlısı idi. Buna qədər isə Alma-Ata, Tiflisdə oxşar qırğınlar baş vermişdi. Məsələn, rus - sovet qoşunlarının 1989 -cu ildə Tiflisdə insanların azadlıq arzularını boğmaq üçün keçirdiyi əməliyyatın qurbanları 9 nəfər olmuşdusa, Bakıda bu rəqəm artıq 131-ə çatdı. Amma buna baxmayaraq, bir müddət sonra “perestroyka”nın banisi həm gürcü, həm 1991 -i ildə Vilnüsdə baş vermiş toqquşmalara görə Litva xalqından üzr istədi. Azərbaycan xalqı isə 20 ildən artıqdır ki, gözləyir.
Ərəstun Oruclu hesab edir ki, M. Qorbaçov cinayət məsuliyyətinə cəlb olunması real deyil. Ən azından biz onun üzr istəməsinə nail olmalıyıq.
Qorbaçov özü isə nəinki qanun, heç jurnalistlər qarşısında belə 20 Yanvara görə cavab vermək istəmir. ANS olaraq hələ 2009-cu ilin noyabrından onunla müsahibəyə cəhd göstəririk. Bu məqsədlə Qorbaçovun köməkçisi Karen Karoviç Karagözyanla dəfələrlə əlaqə saxlamışıq. Amma bizə bildiriblər ki, 20 Yanvarın müəllifi Azərbaycan mediyasına, xüsusilə də ANS-ə müsahibə verməyəcək.
Mixail Qobaçova sonuncu məktubu ötən il noyabrın 27 -də göndərmişik. Məktubda onun rəhbərlik etdiyi fonda dəfələrlə müraciət etsək də, hələ də hər hansı cavab almadığımızı xatırladır və dekabrda Moskvaya gerçəkləşdirəcəyimiz səfər zamanı müsahibə verməsini növbəti dəfə xahiş edirdik. Cənab Qorbaçov isə Azərbacan mediasını tanımaq belə istəmdiyini bu dəfə də nümayiş etdirdi. Amma yəqin ki, Mixail Sergeyeviç Azərbaycan xalq qarşısında günahını etiraf edənə və üzr isətəyənə qədər ona ünvanlanacaq məktubların da arası kəsilməyəcək.. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: