21 il əvvəl...
11 Yanvar 2011 Çərşənbə Axşamı 23:00
Azadlıq eşqi Bakıda insan izdihamını zirehli texnika üzərinə əliyalın hərəkət etməyə sövq edirdi.
21 il əvvəl yanvarın 11-də Azərbaycanda çap olunan qəzetlərin demək olar ki, hamısında SSRİ Ali Sovetinin sədri M. Qorbaçovun DQMV-nin sosial-iqtisadi inkişaf planlarının Ermənistanın analoji planlarına daxil edilməsini pisləyən, Azərbaycanın suverenliyinin pozulduğunu etiraf edən sözləri əks olunub. Amma zaman göstərəcəkdi ki, Qorbaçovun bu “etirafı” 20 Yanvar faciəsinə aparan ssenarinin bir hissəsi, eləcə də özü demişkən sadəcə kağız parçası olacaqdı. SSRİ-nin müdafiə naziri Dmitri Yazovun Bakıya qoşun yeritməklə, yazılı əmr tələbinə Qorbaçovun verdiyi cavabda olduğu kimi.
“Nə kağız, kağız sənə niyə lazımdır? Get icra et, Qorbaçov Bakıya qoşun yeridir, həm də heç bir qərar olmadan. Sonrakı tarixdə isə qeyd edir ki, bu hüquqşünaslar tərəfindən öyrənməli olan cinayətdir”,- deyə “İmperiyanın son zərbəsi” adlı kitabın müəllifi Çapay Sultanov bildirib.
Qorbaçov kağız parçası kimi yanaşdığı, yüzlərlə insanın öləcəyi, yaralancağı, gözü yaşlı qalacağı əməliyyatın ssenarisi üzrə yanvarın ilk günlərindən hərəkətə keçmişdi. Məhz bu günlərdə Ermənistan ilk dəfə olaraq “Mi-8” vertolyotlarını hərbi helikopterlərə çevirərək Goranboyu havadan bombalayır, ayın 10-da isə şəxsən Qorbaçov özü Ermənistana sovet ordusunun 100 tank və topunu hədiyyə edir. Yanvarın 11-də isə Ermənistanın Dağlıq Qarabağla əlaqədar qəbul etdiyi qərara qarşı mitinqlərə start verilir. Aydındır ki, erməni ekstremistlərinin, onların havadarlarının hərəkətində məqsəd milli münaqişəni daha da qızışdırmaq idi. Yaxud da hələ heç bir məsələnin həllində SSRİ rəhbərliyi belə aciz qalmamışdı.
Elə həmin tarixin qəzetlərinə nəzər saldıqda, SSRİ-nin məhvə məhkumluğunu və onun boğulmamaq üçün saman çöpünə bənzər xilas yollarına baş vurmasını görmək olur. Məsələn, İranla Azərbaycan arasında sərhəd dirəklərinin sökülməsinin imperiyanın çöküşü olmasına rəğmən bu hadisədən sonra sərhəddə sakitlikdən dəm vurulur, hətta Arazın o tayındakı azərilərlə görüş də az qala SSRİ-nin lütfü kimi təqdim olunur.
“Kommunist” qəzetində respondentin dilindən deyilir ki, “mən özüm indi müəyyən məsafədən olsa da dayımın, xalamın və onların uşaqları ilə görüşdüm. Sağ olsun yenidənqurma”.
Amma elə SSRİ Nazirlər Sovetinin sədri Rıjkovdan gətirilən sitatda belə artıq tənəzüllə məhkum imperiyanın son akkordalarını vurduğu duyulur.
Elə 20 Yanvar faciəsini sistemli şəkildə öyrənən, proseslərin dərindən təhlilini verən Çapay Sultanov da bu qənaətdədir ki, hadisəyə yalnız həmin gündən baxmaq doğru deyil. Çapay Sultanovun sözlərinə görə, ilin əvvəlindən yanvarın 20-qədər bütün proseslərin xronologiyasını izləyib. “Buradan dəqiq görünür ki, Bakını işğal etməyə necə hazırlıq gedib. Yanvarın 1-dən Qorbaçov hücum planını reallaşdırmağa hazır idi. Rıjkov, “Vımpel”, KQB-nin necə hazırlaşdığı kitabımda təfərrüatı ilə əks olunub. Günahkar Qorbaçovun başında dayandığı sistem idi. 20 Yanvar imperiyaya vurulmuş sonuncu zərbə idi. Bu, iddia edildiyi kimi sadəcə Qorbaçovun erməniləri müdafiə etməsinə yönəlməmişdi. Ermənilər çoxdan Bakını tərk etmişdilər. Qorbaçov bununla başqalarına da göstərmək istəyirdi ki, o hələ güclüdür. Bu məsələ Amerika, Avropa Şurası və bir çoxları ilə razılaşdırılmışdı. Hadisələr göstərdi ki, onlardan heç kim Qorbaçovu ittiham etmədi”.
Bakıya edilən silahlı hücum SSRİ Müdafiə Nazirliyi, DTK və Daxili İşlər Nazirliyinin ortaq əməliyyati idi. Əməliyyatın adı “Zərbə” olaraq müəyyən edilmişdi. Qorbaçovun əmriylə SSRİ-nin məhvini dayandırmaq üçün Bakıya hücum edən Yazov, Bakatin və DTK sədrinin müavini Filip Bobkov idi. Bunlar qanlı gecədən 3 gün əvvəl Bakıya gəlmişdilər. Hətta Bakatin adını general Qriqoryev şəklində dəyişib.
Çapay Sultanovun sözlərinə görə, hadisələri araşdıran komissiya bu hadisələri dərindən təhqiq etməklə bağlı rolunu yerinə yetirmədi: “Gürcülər Sobçakı gətirdilər. Bu hadisələr tamamilə açıldı. Bizim komissiya isə 2 il işlədi və onların heç bir əks-sədası olmadı. Hesab edirəm ki, bu məsələ yenidən qaldırılmalı, günahkarlar məhkəməyə verilməlidir”.
Azərbaycan milli azadlıq hərəkatlarının qanla boğulması növbəti hədəf olsa da, SSRİ hədəfinə çata bilmədi. Azadlıq eşqi insan izdihamını zirehli texnika üzərinə əliyalın hərəkət etməyə sövq etdi. Yüzlərlə insan- Əli, Vəli kimi çağırılmaqdansa, şəhid olaraq anılmağa üstünlük verdi. Ertəsi gün şəhidlərə sevdikləri torpaqda qəbir qazılırdı. Ən böyük qəbri isə şəhidlər qazmışdı. Azərbaycanda sovet hakimiyyətini dəfn etmək üçün. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: