20 yanvarda ictimai nəqliyyatdan istifadə pulsuz olacaq?
16 Yanvar 2013 Çərşənbə 14:03
"20 yanvar” stansiyasında sərnişinlər saat 12:00 radələrinə qədər metrodan pulsuz istifadə edə biləcəklər
Sabahdan 20 yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Bakı Metropolitenində hazırlıq işləri başlanacaq. Bakı Metropolitenindən ANS PRESSS-ə verilən məlumata görə, metronun bütün stansiyalarına qərənfillər düzüləcək. “20 yanvar” stansiyasında isə xüsusi hazırlıq işləri görüləcək. Bundan başqa, yanvarın 20-də saat 12:00 radələrində şəhidlərin xatirəsi anılacaq və qatarlar fit verəcək.

20 yanvar günündə “20 yanvar” stansiyasında sərnişinlər saat 12:00 radələrinə qədər metrodan pulsuz istifadə edə biləcəklər.

“1990-cı ildən təxminən 10 ilə qədər faciənin il dönümü günündə metronun bütün stansiyalarında sərnişinlər pulsuz istifadə edirdilər. Lakin son illər yalnız “20 yanvar” stansiyasında pulsuz giriş olurdu. Bu il də, bununla bağlı göstəriş hazırlanacaq”, - deyə Bakı Metropolitenindən bildiriblər.

Həmin gündə paytaxtın “Elmlər Akademiyası” metrostansiyası yaxınlığından xüsusi avtobuslar sərnişinləri Şəhidlər Xiyabanı yaxınlığına, Parlament prospektinə qədər pulsuz daşıyacaq. Bakı Sərnişinnəqliyyat MMC-nin sərnişindaşıma şöbəsinin müdiri Yunis Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, digər avtobusların pulsuz işləməsi isə yalnız sahibkarların təşəbbüsü ilə ola bilər.

“Həmin gün ölkəmiz üçün hüzn günüdür. Ona görə, insaflı avtobus sahibkarları sərnişinlərin pulsuz daşınmasına imkan yarada bilərlər. Bu sahibkarların insafına qaldı. Lakin paytaxtda avtobusların pulsuz olacağı barədə heç bir göstəriş verilməyib”, - deyə Yunis Abdullayev bildirb.

Ümid edirik ki, ümumxalq hüzn günündə avtobus sahibkarları insaflı davranıb, xalq üçün xeyirxahlıq edəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar