20 Yanvar faciəsindən 21 il ötür
20 Yanvar 2011 Cümə Axşamı 00:10
1990-cı ilin 20 yanvarı çağdaş tariximizə qürur və şərəf mübarizəsi tarixi kimi daxil olub
Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 21 il ötür. Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə, keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələr süquta uğrumaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmin gün 130-dan çox dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın insanın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Lakin eyni zamanda, bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu.

Tarixi prizmadan yanaşdıqda, aydın olur ki, 20 Yanvara aparan yol 1988-ci ilin ziddiyyətli hadisələrindən başlanır. Keçmiş imperiya rəhbərliyinin xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları nəticə etibarilə xalqımızın milli müstəqillik və istiqlaliyyət uğrunda mübarizəsinə impulslar verdi. Xalqımız ölkəmizin ərazi bütövlüyünu qoruyub saxlamaq üçün 1988-ci ildə öz iradəsini ortaya qoydu. Respublika vətəndaşları İttifaq mərkəzinin Azərbaycana qarşı məqsədli şəkildə həyata keçirdiyi məkrli plana etiraz edir, Dağlıq Qarabağdakı ermənilərin separatçı və ekstremist hərəkətlərinin qarşısının alınmasını, haqq-ədalətin bərpa olunmasını istəyirdi. Ərazisinin ilhaq edilməsi cəhdlərinə qarşı qətiyyətlə çıxan xalqımızın milli ruhu, özünüdərk hissi yüksəlmiş, müqavimət əzmi artmışdı. Həmin dövrdən başlanan ümumxalq hərəkatı meydan epopeyası kimi yüksək zirvəyə yüksəlmişdi. Rejimin həyata keçirdiyi repressiv tədbirlər Azərbaycanda meydan hərəkatının qarsını müəyyən qədər alsa da, xalqın içində olan narazılığı qətiyyən boğa bilmədi.

1989-cu ildən etibarən ümumxalq etirazları yenidən bütün respublikanı bürüdü və avqust ayından bu proses idarəolunmaz müstəviyə keçməyə başladı. İlin sonunda xalq hərəkatını idarə etməyi üzərinə götürmüş Azərbaycan Xalq Cəbhəsində parçalanma baş verdi. 1990-cı ilin əvvəllərində təşkilat tamamilə iflic vəziyyətinə düşdü. AXC-nin yeni idarə heyəti və məclisi formalaşsa da, təşkilatın rəhbərliyində respublikada baş verən hadisələrə münasibətdə ziddiyyətlər üzə çıxdı. 20 Yanvar faciəsi ərəfəsində AXC faktiki olaraq iki yerə parçalanmışdı, belə bir vəziyyətdə onun hadisələrə nüfuz etmək imkanları yox idi.

Yanvarın 16-dan başlayaraq Bakıda xaotik proseslər baş verir, AXC fəallarının təkidi ilə insanlar müxtəlif yerlərdə istehkamlar qururdular. Hətta paytaxtda imperiyaya məxsus hərbi texnikanın yerdəyişməsinə və hərəkətinə də rast gəlinirdi. Belə bir ağır vəziyyətdə AXC-nin yerləşdiyi qərargahda ikitirəlik hökm sürürdü. Bir hissə xalqı sovet ordusu ilə üz-üzə qoymağa çalışır, digər qrup isə hadisələrə biganə yanaşmaqda davam edirdi. AXC fəalları insanlar arasında təbliğat işi aparmaq, əliyalın vətəndaşları silahlı ordu ilə üz-üzə gəlməkdən çəkindirmək əvəzinə, "azadlıq yalnız qanla alınmalıdır" kimi populist şüarlar irəli sürürdülər. Bunun isə nətiəcəsi çox ağır oldu.

Yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış 11 minlik sovet ordusu respublikamızın paytaxtı Bakı şəhərinə yeridilərkən insan hüquqlarına dair beynəlxalq sənədlər, o cümlədən “İnsan hüquqlarının ümumi Bəyannaməsi", "Vətəndaş və siyasi hüquqlar haqqında” və “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktlar, habelə keçmiş SSRİ və Azərbaycan SSR-nin konstitusiyaları kobudcasına pozuldu. Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, erməni kursantlar da daxil edilmişdi.

SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də gecə 1-dək artıq xeyli insan öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı artıq 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.

Azərbaycanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdı. Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ümummilli liderimiz Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər siyasi xadimlərdən idi. Ulu öndərin qətiyyətli mövqeyi respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə oldu. Heydər Əliyev çıxışında kommunist rejiminin gerçək simasını açmış, xalqımızın suveren hüquqlarına qəsd olunduğunu bildirmiş, anneksiya siyasətinə qəti etirazını ifadə etmişdi. Böyük öndər üzləşdiyi təzyiqlərə məhəl qoymadan, öz cəsarəti, yenilməzliyi ilə Azərbaycana sədaqətini göstərmişdi. Psixoloji və ruhi sarsıntı içərisində yaşayan azərbaycanlılar 1990-cı il yanvarın 21-də onun Moskva nümayəndəliyinin binasında qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanı eşitdilər. Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham edirdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar