20 Yanvar faciəsi ADU-da anılıb
19 Yanvar 2011 Çərşənbə 14:55
Tədbirdə 20 yanvar hadisələrini özündə əks etdirən video-slayd nümayiş etdirildi.
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) qanlı 20 yanvar hadisələrinin 21 illiyi münasibətilə mərasim keçirilib. ADU-nun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mərasim Azərbaycanın dövlət himni ilə başlayıb. Sonra 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov 21 illiyi qeyd olunan 20 yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq tarixinə çevrildiyini qeyd edib.

Tarix boyu Azərbaycan xalqının öz ərazi bütövlüyünü, azadlığını qorumaq üçün mübarizə apardığını bildirən prorektor mübarizənin bu gün də davam etdiyini bildirib. O, 1990-cı ilin yanvarında baş verən qanlı hadisənin azərbaycanlıların bir millət kimi yox edilməsinə xidmət edən siyasətin tərkib hissəsi olduğunu söyləyib: “O hadisələr hələ də gözümüzün önündədir. Günahsız insanlar qətlə yetirildi, yüzlərlə vətəndaş itkin düşdü. Buna baxmayaraq, heç kəs ruhdan düşmədi. Azərbaycan xalqının qətiyyəti, səbri azğınlaşmış sovet qoşunlarının Bakıda çox duruş gətirə bilməməsinə səbəb oldu”.

Tədbirdə qanlı 20 yanvar hadisələrini özündə əks etdirən video-slayd nümayiş etdirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar