20 Yanvar əlliləri status istəyir
20 Yanvar 2011 Cümə Axşamı 23:45
21 il öncə baş verən hadisələr zamanı yaralanmış şəxslər müəyyən imtiyazlar almağa çalışır.
20 yanvar faciəsində şəhid olanları hər zaman ehtiramla yad edirik, amma o günlərdə təsadüf nəticəsində sağ qalan, lakin sağlamlığından olanlar var. Bu şəxsləri indi biz 20 yanvar əlilləri adlandırıq. Amma bu ad qeyri-rəsmidir, adın rəsmiləşməsi üçünsə bu şəxslərin 21 illik cəhdləri nəticəsizdir. 20 Yanvar hadisələri iştirakçılarından 328 insan əlildir. Bu gün onlar 20 Yanvar əlilləri kimi imtiyazlar almağa çalışır. Amma neçə ildir apardıqları cəhdlər boşa çıxır. Çünki əlillik statusunun alınması ilə bağlı döydükləri qapılardan "yox" cavabı eşidirlər.

Hadisədən 21 il ötməsinə baxmayaraq 20 yanvar hadisələrinin iştirakçısı, aldığı güllə yarasından əlil olan Sahib Əlizadə həmin anı gözünün önündən silə bilmir. Ömrünün şərəfli, amma ən dəhşətli anlarından yaddaşına həkk olunan o kadrlar onun həyatını birə-iki çətinləşdirib. Bundan başqa, Azərbaycanın müstəqillik tarixinin yazılmasında kiçicik də olsa, rolu olmuş bir şəxs kimi nəinki özünə, ümumiyyətlə, 20 yanvar əlillərinə cüzi olsa da, fərq qoyulmaması onun həyatda yaşamasını anlamsız edib: “Suverenlik, müstəqillik uğrunda əlil olub və yaxud da heç olmasa 20 Yanvar şəhidləri ilə bərabər tutulacaq qədər ayrıca bir status verilsəydi, çıxarılan qanunlar da bizə şamil olunardı. Bu günləri biz Qarabağ əlillərinə verilən imtiyazlardan kənardayıq. Torpaq islahatı haqqında qanun, torpaq payının birdəfəlik pulsuz verilməsi, əmlak vergisi, müəyyən rüsumlardır", - deyə S.Əlizadə vurğulayıb.

Bu gün 20 yanvar əlillərinin rastlaşdığı probelmlər içərisində işsizlik problemi də var ki, hazırda əksər qurumlar əlil insanları işə götürməkdən boyun qaçırır. Baxmayaraq ki, Əmək Məcəlləsində hər 25 iş yerindən biri əlil vətəndaş üçün nəzərdə tutulub. S.Əlizadə bildirib ki, ayağından aldığı güllə yarasından sonra demək olar ki, əmək qabiliyyətini itirib: “Heç bir yerdə özümə oturaq iş tapa bilmirəm. Əlilin aldığı təqaüd isə onun dolanmağına çatmır. Amma problemlər bununla da bitmir. Bu gün bir çox 20 yanvar əlilinin ciddi mənzil problemi var”.

Azərbaycan reallığında bəzən ev növbələri o qədər uzun çəkir ki, buna bir ömür də bəs eləmir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə görə əlil dünyasını dəyişdiyi təqdirdə, onun ev növbəsi silinir. Uzun müddətdir mənzil növbəsinə dayanan, 20 Yanvar əlili olan və bir neçə ay bundan əvvəl dünyasını dəyişən Rəşid Allahverdiyevin ailəsi də belə ailələrdən biridir”.

Svetlana Allahverdiyeva bildirir ki, vəziyyətləri çox pisdir. Onun sözlərinə görə, indi evlər paylanıb. Onlar da ev növbəsində dayanıblar: “Yoldaşım da neçə ildir ki, gözləyirdi. O qədər gözlədi ki, artıq rəhmətə getdi. İndi ona görə bizi siyahıdan silirlər ki, sizə ev düşmür. Ölmüş əlillərə ev düşmür, hansı səbəbə bizə ev düşmür?”.

Hazırda “20 Yanvar Cəmiyyəti”ndə qeydiyyatda olan Allahverdiyevlər ailəsi kimi kifayət qədər ailə var. Onlar Mənzil Məcəlləsinə dəyişikliklərin ediləcəyi günü gözləyir. Cəmiyyətin sədri Soltan Əzimzadə isə deyir ki, vəfat edən əlilin imtiyazlarının ailəsinə keçməsi üçün hazırda müxtəlif dövlət qurumları ilə birgə iş aparılır.

Soltan Əzimzadə bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub. Füzuli Ələkbərov bu sahə ilə bağlı sorğular göndərib. Milli Məclisdən cavab alınıb və yaxın günlərdə bu məsələ Milli Məclisdə müzakirə olunacaq. Bu da əsasən ev təminatı ilə bağlı olacaq.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi tərəfindən təkcə son illərdə 42 nəfər 20 Yanvar əlili mənzil, 47 nəfər isə avtomobillə təmin edilib. Ötən gün ölkə başçısı İlham Əliyevin 20 yanvarda əlil olan insanlara prezident təqaüdlərinin verilməsi ilə bağlı imzaladığı sərəncam isə həmin insanların 20 yanvar əlili statusu almaları ilə bağlı məsələnin həllinin yaxın olduğundan xəbər verir. Prezidentin imzaladığı sərəncamla təqaüd alacaq əlillər lazımı sənədləri yerli sosial müdafiə şöbələrinə təqdim etməlidirlər. Qeyd edək ki, 20 yanvar hadisələrində şəhid olanların ailələri hər ay 300 manat təqaüd alır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar