1990-ci ilin yanvarın 18-də...
18 Yanvar 2011 Çərşənbə Axşamı 23:15
Dünyanın ən önəmli siyasətçiləri Qorbaçovun Bakı əməliyyatını dəstəklədiklərini açıqladı.
Qanlı 20 Yanvar hadisəsinin ildönümünə 1 gündən bir qədər çox vaxt qalır. 1990-ci ilin yanvarın 18-də Bakıda qan tökəcək insanlar buna sonradan necə bəraət qazandırmaq barədə düşünürdülər. Sovet ordusunun Bakıya girməsini, qanlı 20 Yanvar hadisələrini önləmək üçün fasiləsiz etiraz aksiyaları fonunda 1990-ci ilin yanvarın 18-də səhər saatlarından etibarən Azərbaycanın paytaxtı və regionlarında hökm sürən vəziyyət o vaxtkı Siyasi Büroda gizli şəkildə müzakirə olunurdu. Gizli görüşmələrin, müzakirələrin nəticələri tez yaxud da gec onsuz da Azərbaycan xalqına açıqlanacaqdı. Amma həmin gün qəti olaraq bilənən o idi , gizli toplantının keçirilməsində məqsəd işlənəcək qanlı cinayəti təmizə çıxartmaq və bu qətliamı dünya ictimayyətindən gizli tutmağın bir yolunu tapmaqdır. Gözlənilən qərar oldu və dünyanın ən önəmli siyasətçiləri və qurumları Qorbaçovun Bakı əməliyyatını dəstəklədiklərini açıqladı.
Razılaşdırılan qərar özünü çox gözlətmədi. Yanvarın 18-də axşam saatlarında DTK-nın silahlı birliklərinə bağlı hissələr Dağlıq Qarabağa göndərildi. Tapşırıq da verildi ki, həmin birliklər ilin sonuna qədər orada vəziyyətə nəzarət edərək gözləmə mövqeyində dayansınlar.
1990-cı ilin bu günü, yanvarın 18-də Azərbaycanda qanlı 20 Yanvar hadisələrinə qədər mətbuat orqanları sonuncu dəfə işıq üzü görür və istər Azərbaycan, istərsə də rusdilli mətbuat orqanların hər bir səhifəsində Azərbaycanda “xaos və özbaşnalıqların aradan qaldırılması üçün müəyyən tədbirlərin görüldüyü” bildirilir və hansısa əməliyyatın aparılması vacib hesab olunur.
Yanvarın 18-də “İzvestiya” qəzetinin müxbirləri Bakıdan reportajlar hazırlamışdılar. Bu reportajlarda müəlliflər Bakıda guya baş verən “böyük faciələr”dən bəhs edir, hər cəhdlə paytaxta qoşun yeridilməsindən başqa çıxış yolunun olmadığını sübut etməyə çalışırdılar: “Bakıda baş verənlər bizi və əsl bakılıları dəhşətə gətirir. Sutka ərzində görüşdüyümüz şəxslər təsəvvür edə bilmir ki, belə şeylər necə baş verə bilər...mühafizə batalyonunun kapitanı Kanarskinin qənaətinə görə, Bakıda komendant saatı tətbiq edilməlidir. Əks halda nəticə ağır olacaq”.
“Kommunist” qəzetində dərc olunmuş Sovet İttifaqı Kommunist Partyasının Mərkəzi Komitəsi, SSRİ Ali Sovetinin rəyasət heyəti, SSRİ Nazirlər Sovetinin məlumatı da rus jurnalistlərin şüvənindən elə də fərqlənmir: “Son günlər Bakıda, Azərbaycanın bir sıra başqa yaşayış məntəqələrində, habelə Ermənistanın bəzi rayonlarında elə faciəli hadisələr baş verib ki, bunlar sovet adamlarını olduqca kədərləndirmiş, qan tökülmüşdür. Ermənilər, azərbaycanlılar və başqa millətin nümayəndələri arasında insan tələfatı var. Ölkə rəhbərliyi müqəssirlərin ciddi cəzalandırılmasi üçün lazımi tədbirlər görür”.
Tədbirlərin görülməsinə məsul müdafiə, daxili işlər nazirlikləri və SSRİ DTK-sı günlərlə hərbi silah anbarlarına hücumlar və silah qarəti faktlarının mövcudluğu barədə həyəcan təbili çalırdı. Bildirilirdi ki, belə faktların artıq geniş miqyas alması ölkədə vəziyyəti dözülməz edib.
Artıq bölgələrdə də baş qaldıran azadlıq hərəkatına xaricdə fərqli don geyindirildi. Avstraliyada dərc olunan “Kanberra Tayms” qəzeti Azərbaycanı Qorbaçovun əməllərinə əsl maneə adlandırırdı. “Kanberra Times” (Avstraliya) - 18 yanvar 1990-ci il: “Sovetlər Birliyinin bütün cümhuriyyət və müstəqil bölgələrindən fərqli olaraq, Azərbaycanda da etnik zəmində yaşanan qarşıdurmalar inanılmaz səviyyəyə gəlib çatmışdır. Bəllidir ki, bu qədər din , mədəniyyət və irq fərqi olan toplumların bir imperiyanın içərisində birliyini, bütünlüyünü, təmin etmək çox çətindir. İmperiyanın çökməsini əngəlləməyə çalışan Qorbaçovun qarşılaşdığı çətinliklərə ən bariz nümunə də heç şübhəsiz ki, Azərbaycandır”.
Təbii ki, situasiya həm də Kremlin xeyrinə dəyişirdi. Çünki etiraz aksiyaları xaos və anarxiya kimi qiymətləndirilirdi. Bu guya sabitliyi bərpa etmək məqsədilə qoşun yeridilməsi üçün Moskvanın əlinə bəhanə verirdi.
“Vaşinqton Post” (ABŞ) 18 yanvar 1990-ci il: “Son zamanlar Ağ evin Qorbaçovun tətbiq etdiyi əməllərə göstərdiyi reaksiyadan başa düşürük ki, ABŞ-ın Moskvaya yanaşması dəyişərək, daha mülayim və diplomatik bir vəziyyətə gəlib. Ağ evin sözçüsü Merlin Fitzvoter deyib ki, əgər xaos və anarxiya yaşanırsa, Sovetlər Birliyinin bunun qarşısını alması, müəyyən tədbirlər görməsi onun ən təbii haqqıdır”.
Yanvarın 18-də axşam saatlarında Bakıda və Azərbaycanın 11 rayonunda keçirilən izdihamlı mitinqlərdə ümumi tətilin başlanıldığı elan edildi. İnsanlar tətbiq olunan fövqaladə rejim və paytaxta daxil olacaq sovet qoşunlarından xəbərsiz olaraq azadlıq hərəkatını davam etdirirdilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: