17 iyun Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə Günü
17 İyun 2009 Çərşənbə 15:00
Ölkəmizdə eroziyaya 3,7 milyon, şoranlaşmaya isə 1,2 milyon hektara qədər torpaq məruz qalıb

 

Səhralaşma ilə bağlı qlobal ekoloji problemin ciddiliyi nəzərə alınaraq BMT–nin Bas Assambleyası tərəfindən 1994–cü ilin 17 iyun tarixi Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə Günü elan olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, quru iqlim şəraitində yerləşən Azərbaycan üçün də səhralaşma problemi son dərəcə aktualdır. Buna görə Azərbaycan Respublikası ölkənin ekoloji durumunun yaxsılaşdırılmasını, təbii resurslardan səmərəli və ziyansız istifadə olunmasını, o cümlədən milli maraqları nəzərə alaraq 1998–ci il 24 aprel tarixində "Səhralaşmaya qarşı mübarizə" Beynəlxalq Konvensiyasına qoşulub.

Torpaqların ekstensiv istifadəsi, heyvandarlığın kifayət qədər yem bazası ilə təmin olunmaması, mal–qaranın sürətlə artması səbəbindən mövcud otlaqların, meşə ərazilərinin həddən artıq otarılması, suvarma rejiminə düzgün riayət edilməməsi, hidrotexniki qurğuların sıradan çıxması, kimyəvi çirklənmə, şoranlaşma, eroziya proseslərinin sürətlənməsi və sel sularının təsirinin artması səhralaşmaya səbəb olur.

Ölkəmizdə eroziyaya 3,7 milyon, şoranlaşmaya isə 1,2 milyon hektara qədər torpaq məruz qalıb. Təxminən 300 km² ərazi sel sularının təsirindən, 30 min hektar torpaq sahəsi isə faydalı qazıntıların istismarı nəticəsində yararsız hala düşüb. Torpaqların yararsızlaşmasının əsas amillərindən biri də onların kimyəvi çirklənməyə məruz qalmasıdır.
Bundan başqa 264 min hektar meşə sahəsi erməni işğalı altındadır və həmin ərazilərin meşə fondu ermənilər tərəfindən intensiv olaraq məhv edilir./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar