14 oktyabr – Ümumdünya Standartlaşdırma Günü
14 Oktyabr 2010 Cümə Axşamı 10:25
14 oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür. Bu gün münasibətilə standartlaşdırma ilə məşğul olan bütün əməksevərləri təbrik edirik!
Bu gün 14 oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür. Standartlaşdirma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 1946-cı il 14 oktyabrda Böyük Britaniyanın paytaxtı London şəhərində SSRİ də daxil olmaqla 25 ölkənin standartlaşdırma üzrə orqanlarının rəhbərləri bir araya gəliblər. 65 nümayəndədən ibarət konfrans iştirakçıları Beynəlxalq Standartlaşdırma Təşkilatının (İnternational Organization for Standardization - İSO) təsis edilməsi ilə bağlı qərar qəbul ediblər.

1970-ci ildə standartlaşdırmanın dünya iqtisadiyyatında aparıcı rolunu qabartmaq məqsədilə İSO-nun direktoru Farux Sunter (Türkiyə) 14 oktybarın ümumdünya standartlaşdırma günü kimi qeyd olunması təklifi irəli sürüb, bu təklif dəstəklənərək həmin günün təsis edilməsi barədə qərar qəbul edilib.

1970-ci ildən bütün dünyanın elmi-texniki cəmiyyəti 14 oktyabr tarixini Ümumdünya Standartlaşdırma Günü kimi qeyd edir. Azərbaycanda texniki tənzimləmə, standartlaşdırma sahəsi ilə bağlı dövlət siyasətini həyata keçirən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu sahədə mövcud qanunvericilik bazasının Avropa tələblərinə uyğunlaşdırılması istiqamətində mühüm işlər görməkdədir. Bununla bağlı “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiyası sahələrində imkanların gücləndirilməsi” üzrə Tvinning layihəsi həyata keçirilib. Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilmiş layihənin məqsədi Azərbaycanda keyfiyyət infrastrukturu sisteminin Avropa Birliyinin tələblərinə uyğunlaşdırılmasıdır. Başqa sözlə, layihə 9 istiqaməti əhatə edir və bunlar arasında standartlaşdırma fəaliyyətinin Avropa İttifaqının tələblərinə uyğunlaşdırılması başlıca məqsəd daşıyır.

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən maliyyələşən “Özəl sektorun inkişafı” layihəsinin standartlaşdırma komponenti üzrə fəaliyyəti də uğurla davam etdirilir. Layihə çərçivəsində həyata keçirilən əsas istiqamətlər arasında ÜTT-nin Texniki Maneələr Sazişinə uyğun olaraq Komitədə texniki qanunverciliyi özündə cəmləşdirən sorğu mərkəzinin və bildiriş orqanının, həmçinin keyfiyyət infrastrukturu üzrə Təlim Mərkəzinin yaradılmasını qeyd etmək olar. Sorğu Mərkəzini yaratmaqla Azərbaycan ÜTT-yə üzvlüyə daxilolma istiqamətində vacib addımlardan birini atıb. Tələbatdan asılı olaraq, texniki tənzimləmə, məhsul standartları və uyğunluğun qiymətləndirilməsi metodları əksər hallarda dövlətlərdə fərqli olduğundan, Ticarətdə Texniki Maneələr Haqqında Sazişin məqsədi bu fərqlər nəticəsində ticarətdə yaranan maneələrin azaldılmasıdır. Sorğu Mərkəzi də Azərbaycanın ÜTT-dəki tərəfdaşlarının ticarətə təsir göstərə biləcək yeni və ya dəyişdirilmiş texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi prosedurları ilə bağlı bildiriş və əlaqədar sənədlərlə təmin olunması, yerli və xarici tədbirlərlə bağlı alınmış şərhlərin baxılması üçün müvafiq tənzimləmə orqanına göndərilməsi, məhsulların və xidmətlərin dizaynı, istehsalı, marketinqi, ixracı və idxalı ilə bağlı strateji məlumatların əldə edilməsi, milli, xarici və beynəlxalq standartlar, Azərbaycan və xarici texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi prosedurları da daxil olmaqla müxtəlif məsələlərə dair texniki sorğuların cavablandırılması və s. xidmətlər göstərəcək.

Görülən işlər nəticəsində artıq “Texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi haqqında” Qanun layihəsi hazırlanmış, hökümətə təqdim olunub.

Beynəlxalq Standartlaşdırma Təşkilatı – İSO ilə sıx işbirliyimiz mövcuddur. Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı və əldə olunan uğurlar nüfuzlu təşkilatların ölkəmizə marağını artırır. İxrac qabiliyyətimizin sürətli və dayanıqlı olması üçün beynəlxalq standartların qəbulu və tətbiqi vacib amildir. Azərbaycanda Standartlaşdırma İnstitutu bu sahədə iş aparır. Burada məqsəd respublikada müxtəlif sahələr üzrə beynəlxalq standartların tətbiqini müəyyənləşdirməkdir. Institut tərəfindən 300-a yaxın milli standartımız hazırlanıb. Azərbaycan qanunvericiliyinə uyğun olaraq beynəlxalq standartlar Azərbaycan dilinə tərcümə edilib, milli standart kimi qəbul edilir. Bir sözlə, məqsəd istehsal prosesinin və istehlakçıların tələblərinə əsaslanan iqtisadiyyatın inkişafına yardım etmək, dünya bazarına keyfiyyətli məhsul çıxarılması prosesini sürətləndirməkdir.

Təbii ki, qazanılan uğur sırasında cari ilin yanvar ayının 1-dən etibarən Avropa Standartlaşdırma Komitəsinə (CEN) müşahidəçi qismində üzv olmaq da daxildir. Bu, respublikamız üçün əlamətdar hadisə sayılır. Bilirsiniz ki, CEN-ə üzv olmaqla Avropa standartlarını maneəsiz əldə etmək və ölkəmizdə tətbiq etmək imkanlarımız genişlənib. Həmçinin standartların hazırlanması prosesində rəy və təkliflərimizi vermək, təşkilatın müvafiq texniki komitələrində səsvermə hüququ ilə iştirak etmək imkanlarımız yaranıb.

Kodeks Alimentarius Komissiyasının standartlarının milli standartlar sisteminə daxil edilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzdində Kodeks Alimentarius Milli Komitəsi yaradılıb. Xatırladaq ki, Nazirlər Kabinetinin 23 iyul 2010-cu il tarixli Sərəncamına əsasən prezidentin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın 5.8.3-cü bəndinə uyğun olaraq, yeyinti məhsullarına dair Codex Alimentarius, İSO, HACCP, Avropa İttifaqı standartlarının milli standartlar sisteminə daxil edilməsi sahəsində müvafiq tədbirlərin Codeks Alimentarius Komissiyasının tövsiyyələri ilə əlaqələndirməklə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilməsi məqsədəuyğun hesab edilib və bu barədə bildiriş Codeks Alimentarius Komissiyasının Katibliyinə göndərilib. Əsas məqsəd Azərbaycan Hökümətinin Codex Alimentarius Komissiyasında iştirakının əlaqələndirilməsi, Codex Alimentarius standartlarının ölkəmizdə tətbiqinə dair müvafiq işlərin təşkildir. Artıq bununla bağlı fəaliyyət planı üzərində iş yekunlaşmaqdadır.

Standartlaşdırma sahəsində fəaliyyətin müasir tələblər əsasında qurulması, yerli sənayenin rəqabət imkanlarının beynəlxalq standartların tətbiqi vasitəsilə gücləndirilməsi, iqtisadiyyatın prioritet sektorlarının inkişafına dəstək məqsədilə texniki komitələr yaradılır. Artıq qida məhsullarının standartlaşdırılması, informasiya texnologiyaları, neft ve neft məhsulları, turizm, sosial məsuliyyət ekologiya və keyfiyyətin idarə edilməsi sahələri üzrə texniki komitələr fəaliyyətdədir.

Bu sahədəki görülən işləri koordinasiya etmək məqsədilə Komitə yanında standartlaşdırma və texniki tənzimləmə üzrə Texniki Şura yaradılıb. Şuranın əsas məqsədi – milli standartlaşdırma sisteminin beynəlxalq və regional standartlaşdırmanın əsaslandığı prinsiplər və yanaşmalar əsasında inkişaf etdirilməsidir. Vəzifələri isə standartlaşdırma sahəsində dövlət siyasətinin formalaşdırılmasına və həyata keçirilməsinə dair təkliflərin hazırlanması, milli standartlaşdırma sisteminin inkişafının əsaslandırılmış məqsədlərini, vəzifələrini və istiqamətlərini əks etdirən Konsepsiyanın hazırlanmasıdır. Həmçinin Şura respublikada beynəlxalq və regional standartların tətbiqinə dair təklif və tövsiyyələr hazırlayacaq, mövcud texniki komitələrin fəaliyyətlərinin monitorinqini keçirəcək.

Standartlaşdırma müasir iqtisadiyyatın açarıdır. Bu gün münasibətilə standartlaşdırma ilə məşğul olan bütün əməksevərləri təbrik edirik! anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar