14 noyabr - Ümumdünya diabet günü
14 Noyabr 2010 Bazar 05:25
Hər il Yer üzündə vəfat edən insanların 5 faizi məhz diabet nəticəsində dünyasını dəyişir.
14 noyabr-Ümumdünya diabet günüdür. Bu günün qeyd olunmasında məqsəd diabetlə bağlı qlobal məlumatlılığın artırılması və bu xəstəliyin inkişafının qarşısını almağın yollarını axtarmaqdan ibarətdir.
Dostunun gənc yaşda dünyasını dəyişməsi ilə fizioloq Fredrik Bantinq elmi axtarışlara başlayır. Axtarışlar uğurla başa çatır. 1922-ci ildə gənc alim, dostunun ölümünə səbəb olan eyni xəstəliyə düçar olmuş 14 yaşlı oğlanı müalicə edir və onun kəşfi bütün dünyada yayılır. Söhbət şəkərli diabetə qarşı yaradılan insulindən gedir. Bundan sonra kanadalı fizioloq Frederik Bantinqin doğum günü 14 noyabr, 1991-ci ildən etibarən təqvimə Şəkərli diabetlə Beynəlxalq mübarizə günü kimi salınıb.

Diabet ailələr, dövlətlər və bütünlükdə dünya üçün ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir. Hazırda dünyada 240 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Hər il Yer üzündə vəfat edən insanların 5 faizi məhz diabet nəticəsində dünyasını dəyişir. Təcili tədbirlər görülməsə, bu rəqəmin növbəti 10 ildə 50 faizə qədər artacağı ehtimal olunur.

Şəkərli diabetin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də çox qabardır. Məhz bu baxımdan Beynəlxalq Diabet Federasiyası (BDF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə Ümumdünya diabet günü qeyd olunur.

2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı xüsusi bəyannamə qəbul edib və bu sənəddə şəkərli diabeti "ağır xroniki xəstəlik" kimi səciyyələndirib.

2007-2008-ci illər üçün Ümumdünya diabet günü kampaniyaları "Heç bir uşaq diabet nəticəsində məhv olmamalıdır" şüarı altında keçirilib. Diabet uşaqlar arasında ən geniş yayılmış xroniki xəstəliklərdən biridir. Bu xəstəliyə istənilən yaş qrupuna aid uşaqlar tutula bilər.

Xəstəliyin 1-ci tipi - insulindən asılı olan ağır forması ilə məhz uşaq və yeniyetmələr xəstələnirlər. 15 yaşa qədər uşaqlar arasında hər il dünyada 70 000-ə yaxın uşaq, yəni hər gün təxminən 200 uşaq 1-ci tip şəkərli diabet ilə xəstələnir. İkinci tip şəkərli diabet əsasən yetkinlik yaşına çatmış insanlar arasında müşahidə edilsə də, xüsusilə son illər uşaq və yeniyetmələr arasında da təsadüf edilir.

Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, son illər ərzində Azərbaycan Respublikasında şəkərli diabetlə xəstə olan insanlar üçün, xüsusilə uşaqlar üçün mühüm işlər görülüb və bu proses davam etməkdədir. Görülən işlərin hüquqi bazası olaraq "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Qanunu, Nazirlər Kabinetinin "Şəkərli diabet üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında qərarı, çoxlu sayda digər sənədlər qəbul edilib. Səhiyyə Nazirliyi "Şəkərli diabet üzrə Dövlət Proqramı"nı həyata keçirərək, indiyədək ölkə üzrə qeydiyyatda olan xəstələri qlükometr aparatları və test çubuqları ilə təmin edir. Bu proses hələ davam etməkdədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar