12 ölkənin BMT yanında daimi nümayəndəsi Azərbaycana gələcək
22 Avqust 2011 Bazar Ertəsi 11:47
Onların Quba şəhərinə səfəri də nəzərdə tutulub
Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent Qrenadin, Seyşel adaları, Syerra Leone, Şri Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələrinin 22 avqust 2011-ci il tarixində Azərbaycan Respublikasına səfəri başlayır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, səfər zamanı qonaqlar Baş nazir Artur Rasi-zadə tərəfindən qəbul ediləcəklər. Eyni zamanda, Milli Məclis, Xarici İşlər Nazirliyi, Heydər Əliyev Fondu, Azərbaycan Diplomatik Akademiyası və Dövlət Neft Şirkətində qonaqlarla görüşlər keçiriləcək. Səfirlər Fəxri Xiyaban və Şəhidlər Xiyabanını da ziyarət edəcəklər.
BMT yanında daimi nümayəndələrin səfər çərçivəsində Quba şəhərinə səfəri də nəzərdə tutulub. Burada onlar kütləvi məzarlıqla, eyni zamanda Quba şəhəri ilə yaxından tanış olacaqlar.
Səfər 27 avqust 2011-ci il tarixinədək davam edəcək.
DOSTLARINLA PAYLAŞ: