11 sentyabr dünyanı necə dəyişdi?
11 Sentyabr 2011 Bazar 11:43
Ekspertlər bu hadisələrin Azərbaycanın ABŞ üçün əhəmiyyətini artırdığını deyirlər.
11 sentyabr 2001-ci il... bu tarixi amerikalilar dəhşətli terror aktları ilə, bütün dünya isə bir neçə müharibə və dünyada başlanan antiterror əməliyyatları ilə xatırlayacaq. Amerika tarixinin ən dəhşətli terror aktı yalnız Amerikaya və amerikalılara təsir etmədi. Bütün dünyanın düzənini dəyişdi. Yüzlərlə insanın ölümünə səbəb olan bu hücumları rəsmi Vaşinqton özünə qarşı elan edilmiş müharibə kimi qiymətləndirdi və terror aktının məsuliyyətini üzərinə götürən “Əl-Qaidə” terror təşkilatına qarşı əks hücuma başladı.
Təşkilatın lideri Üsamə Bin Ladenin axtarılması və təşkilatın bazalarının məhv edilməsi məqsədilə 2001-ci il oktyabrın 7-də Əfqanıstana daxil oldu. Baxmayaraq ki, bu ilin mayında Bin Ladenin Pakistanda öldürüldüyü açıqlandı, minlərlə insanın ölümünə səbəb olan bu müharibə hələ də davam edir. Elə Pakistanda da Amerikanın pilotsuz təyyarələrlə həyata keçirdiyi antiterror reydləri nəticəsində çox sayda insan öldü. Bu insanların içərisində dinc sakinlərin də olmasını Pakistan hökuməti dəfələrlə bəyan edib.
Rəsmi Vaşinqton İraq lideri Səddam Hüseynin də terrora dəstək verdiyini iddia edərək 2003-cü ilin martında İraqa daxil oldu. Səddam Hüseyn devrildi. Amma nə onun kimyəvi silahları tapıldı, nə də “Əl-Qaidə”ni dəstəklədiyi sübut olundu. Prezident Barak Obama 2010-cu ilin avqustunda İraq müharibəsinin bitdiyini elan etdi.
11 sentyabr dünyanı necə dəyişdi?
Bütün bu hadisələr isə dünyanın siyasi mənzərəsinə və dövlətlərin mövqeyinə təsirsiz ötüşmədi. Politoloq, millət vəkili Rasim Musabəyov deyir ki, Sovetlər Birliyi dağıldıqdan sonra, Birləşmiş Ştatlar bir onillik ərzində özünü dünyanın yeganə güc sahibi hesab edirdi. Lakin bu hadisələr hər şeyi dəyişdi.
“Hər halda hiss olundu ki, bir qüvvənin uzun müddətli tam dominantlığı baş vermir. Hardasa kimsə ona qarşı mütləq çıxır. İndi “Əl-Qaidə” olmayacaqdı, hansısa başqa biri olacaqdı. Hər halda arxayınçılıq heç kəs üçün uzun müddətli davam etmir. Bu da aydın oldu”, - deyə Rasim Musabəyov vurğulayıb.
Ekspertlər bu hadisələrin Azərbaycanın ABŞ üçün əhəmiyyətini artırdığını deyirlər
11 sentyabr hadisələrindən sonra yaradılan antiterror koalisiyasına Azərbaycan da qoşuldu. Rasim Musabəyov hesab edir ki, Azərbaycan dövləti onsuz öz xarici siyasətində qərblə əməkdaşlıq xəttini seçdiyinə görə, bu hadisələr Azərbaycanın xarici siyasətini dəyişmədi. Lakin ölkəmizin Amerika üçün əhəmiyyətinə təsir etdi.
“Azərbaycan həm kəşfiyyat sahəsində, həm də bilavasitə ABŞ-la terror şəbəkəsinə qarşı mübarizədə mövcuddur. Bütün bunlar Azərbaycanın ABŞ üçün əhəmiyyətini artırdı. Bildiyiniz kimi tranzit Əfqanıstana Azərbaycandan keçir. Bu elə-belə deyil ki, bura bütün Pentaqonun rəhbərləri gəlir. Azərbaycan rəhbərlərilə görüşür. Hansısa bir məsələni müzakirə edir. Halbuki Ermənistana getməyiblər. Onlara heç bir ehtiyac yoxdur”.
Qeyd edək ki, 11 sentyabr hadisələri həm də dünyada İslama və müsəlmanlara qarşı olan münasibəti dəyişdi. Müsəlman dünyası və Qərb arasında bir uçurum yaratdı. İslamı terrorla bağlamaq cəhdləri artdı. Rasim Musabəyov deyir ki, Azərbaycan həm də müasir müsəlman dövləti modeli kimi də Qərbə və Amerikaya lazımdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: