Naş moloçnik məhv edilir
03 Fevral 2010 Çərşənbə 13:50
Naş moloçnik əmtəə nişanlı kərə və şokoladlı yağların dövriyyədən çıxarılması ilə bağlı göstəriş verilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Ukraynada istehsal olunan “Naş moloçnik” əmtəə nişanlı kərə və şokoladlı yağların Azərbaycanda topdansatışı ilə məşğul olan “Avrora” firmasının anbarında yoxlamalar aparıb.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, araşdırmalara başlanılan zaman “Avrora” firmasının anbarında “Naş moloçnik” əmtəə nişanlı 696,6 kq kərə yağı aşkar edilərək satışı qadağan edilib. Bundan başqa, indiyədək 1557 kq “Naş moloçnik” əmtəə nişanlı kərə yağı və 158 kq şokoladlı yağ ticarət şəbəkələrindən çıxarılaraq “Avrora” firmasının anbarına qaytarılıb.
Firmanın anbarındakı insan həyatı və sağlamlığı üçün təhlükəli 696,6 kq kərə yağı və ticarət şəbəkəsindən anbara qaytarılmış 158 kq şokoladlı yağ məhv edilib.
Ticarət şəbəkəsindən çıxarılaraq firmanın anbarına qaytarılmış 1557 “Naş moloçnik” əmtəə nişanlı kərə yağı ilə bağlı araşdırmalar isə davam etdirilir.
Qeyd edək ki, kağız qutulara qablaşdırılmış 200 qramlıq “Naş moloçnik” əmtəə nişanlı kərə və şokoladlı yağların mikrobioloji göstəricilərinin normalara uyğun olmaması ilə əlaqədar satışı dayandırılıb və bu malların dövriyyədən çıxarılması ilə bağlı “Naş moloçnik” yağlarının topdansatışı ilə məşğul olan “Avrora” firmasına icrası məcburi göstəriş verilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir daha istehlakçıları insan həyatı və sağlamlığı üçün təhlükəli olan 200 qramlıq kağız qutulara qablaşdırılmış “Naş moloçnik” əmtəə nişanlı kərə yağını almamağa çağırır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: