Kim necə sərinlənir?
21 İyul 2010 Çərşənbə 11:45
Vətəndaşlar ən çox sərinkeşdən istifadə edir.
İsti yay günlərində istirahətini dağda-bağda keçirənlər kifayət qədər olsa da, baş gicəlləndirən isti günlərdə rahatlığını hava sərinləndirmə sistemləri ilə təmin edənlər də az deyil. Bu səbəbdən də mövsümdən asılı olaraq kondisioner bazarında nisbi canlanma hökm sürür. Qiymətlərdə ötən illə müqayisədə ciddi artım müşahidə olunmasa da, satıcılar alıcı qıtlığından şikayət edirlər. Dediklərinə görə, indi müştərilər kondisionerlərin keyfiyyətindən öncə qiymətinə diqqət edirlər.

Texnik Ruslan Nəbiyev keyfiyyətə nisbətən az fikir verildiyini bildirir: "Bizdə əsasən ucuz modellər alınır. Bu il keçən ilin qiymətlərinə baxanda kondisionerlər ucuzlaşıb"

“Kondisionerlərlə maraqlanan çoxdur, amma alan azdır. 2-3 il bundan əvvəl 2-3 kondisioner sata bilirdiksə, amma indi günə 1 kondisioner güclə satırıq. Çoxu da kreditlə alıq”, -deyə satıcı Səməd Məcidov bildirib.

Əslində mənzildə sərin abu-hava yaratmaq ev sahiblərinə heç də ucuz başa gəlmir. Çünki kvadrat metrindən asılı olaraq kondisionerlərin qiyməti 400 manatdan başlayaraq 1300-1400 manat arasında dəyişir.

Alıcı Paşa Əliyev kondisionerlərə baxsa da, maddi imkanı çatmadığı üçün ala bilmədiyini qeyd etdi. Sərdar Həsənov adlı alıcı isə kondisioneri günün tələbatı kimi qiymətləndirdi. Digər kondisionerlə maraqlanan Xatirə Həsənova da maddi imkanı olmadığı üçün bu yayı da kondisionersiz keçirəcəyini bildirdi.

Amma məyus olmağa da dəyməz. İstiyə tab gətirməyənlər kondisionerlərdən dəfələrlə ucuz sərinkeşlərə pənah apara bilər. Bu vasitə həm səhhətindən, həm də büdcəsindən narahatlıq keçirənlər üçün sərfəlidir. Sərinkeşlərin qiyməti isə 10 manatdan 50-60 manatadək dəyişir. Satıcıların sözlərinə görə, yay fəsli başlayandan daha çox ucuz sərinkeşlər alınır.

Hər halda seçim azaddır. Əsas odur ki, seçiminiz sərinliyinizi təmin edə bilsin. Təmin demişkən, qeyd edək ki, Azərbaycanda kondisioner istehsalı dayandığından vətəndaşların bu sarıdan rahatlığını xaricdən idxal olunan hava sərinlətmə sistemləri təmin edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar