Varlılarımız niyə simiclik edir?
16 Yanvar 2013 Çərşənbə 16:25
Nazirlər Kabinetinin keçmiş işçisinin oliqarxlar haqqında səmimi söhbəti
Yüz il qabaq Azərbaycan öz xeyriyyəçi övladları, xüsusilə də Hacı Zeynalabidin Tağıyev ilə öyünə bilərdi. Müsəlman dünyasının ən varlı adamlarından biri olan Tağıyevin səxavətinin həddi-hüdudu yox idi - Bakıda və Axıskada öz vəsaiti hesabına qız məktəbləri tikdirib açmışdı, 300-dən çox yoxsul azərbaycanlı gənci öz vəsaitləri hesabına Avropanın ən prestijli ali məktəblərində oxutdurmuşdu. Allah yolunda da çox işlər görmüşdü: Sankt-Peterburqda cümə məscidinin, Bakıda sobor kilsəsinin tikintisində əsas rolu Hacının vəsaitləri oynayıb. Kasıb-kusuba əl tutması isə dillərə əzbəri olmuşdu. Əcaba, aradan cəmi yüz il keçib, Azərbaycan müstəqil dövlətə çevrilib və bir xeyli də varlanıb. Görəsən, bu gün bu ölkədə Hacı kimi xeyriyyəçilər niyə yoxdur? Axı ölkədə yetirincə sayda varlı insanların olması göz qabağındadır. Niyə onlar da Hacı kimi insanların qoyduğu bu müqəddəs yolla getmirlər?
Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev ANS PRESS-in məsələ ilə bağlı oxşar suallarına cavabı çox asan verir: “İndiki varlıların pulları təmiz deyil ki, açıq şəkildə kiməsə kömək edə bilsinlər. Amma qeyri-leqal edirlər. Mən bilirəm kimlər edir. Bizim bu oliqarxlar var ki, altdan-altdan xeyriyyəyə vəsait buraxır. Mən bir oliqarx tanıyıram ki, iki yetimxana saxlayır. Bu oliqarxlar qazandıqlarını üzə çıxara bilmədiklərindən, xeyriyyə əməllərinin də reklamını edə bilmirlər”.
Amma bu yetərli arqument deyil, hər halda, Azərbaycanda varlılar təkcə gizli yollarla pul qazanan iri dövlət məmurları deyil, ölkədə yüzlərlə orta səviyyəli iş adamı var. Onların nəzarətində şirniyyat və konserv müəssisələrindən tutmuş iri metaltökmə müəssisələrinə kimi geniş gəlir mənbələri var. Bu insanların öz həyatı da gözqamaşdıracaq səviyyədə dəbdəbəlidir. Bəs, görəsən, onlar niyə xeyriyyəçilikdən vaz keçirlər? Özü də, Oqtay Haqverdiyevin sözlərinə görə, Azərbaycanda da inkişaf etmiş ölkələrdəki kimi, xeyriyyəyə yönəldilən vəsaitlərdən vergi tutulmur. Bəs, onda ölkə iqtisadiyyatına nəzarət edən, gəlirləri yetərincə halal olan bu orta səviyyəli holdinqlər niyə xeyriyyədən imtina edirlər?
ANS PRESS-in araşdırmasına görə, orta səviyyəli şirkətləri xeyriyyədən uzaqlaşdıran əsas məsələ bu ölkədə ötən yüzilliyin 90-cı illərində formalaşmış pis ənənədir. Həmin illərdə əksər maxinasiyalar xeyriyyə adı altında görülürdü və çox insanlar bu cür «xeyriyyəçi»lərin qurbanı olmuşdu. İndi də hər hansı şirkət xeyriyyəçilikdən bəhs edərsə, bu, dərhal ətrafın, xüsusilə də hüquq-mühafizə orqanlarının diqqətini cəlb edir. Bəzən xeyriyyəçilik edən şirkətlərdə əsassız yoxlamalar da başlayır. Buna görə də orta səviyyəli şirkətlər «az aşım, ağrımaz başım» prinsipi ilə xeryiyyəçilikdən uzaq dururlar.
Həm də Oqtay Haqverdiyev bu fikirdədir ki, xeyriyyəçilik məhz iri oliqarxlara məxsus bir işdir: “Orta səviyyəli sahibkar necə xeyriyyəçilik etsin? Tutaq ki, bir cöngə kəsib qaçqınlara paylaya bilər. Amma oliqarx bir sürünü kəssə də onun üçün çətinlik olmaz”. Amma bu məsələ də bir dənə də “amma” çıxır - oliqarxlar əgər pullarını üzə çıxara bilmirsə, deməli, onu haram yolla qazanırlar. Bəs, o zaman belə pullarla xeyriyyə edilməsi - hansısa yetimin qarnının doydurulması, hansısa yetimxana uşağının əyninə şalvar alınması nə dərəcədə doğrudur? Bu məsələyə də baxış fərqlidir. Məsələn, Oqtay Haqverdiyevin fikrincə, xeyriyyəyə məqsədi ilə xərclənmiş pulları reviziya etməyə dəyməz: “Ruslar demişkən, puldan iy gəlmir. Hər halda, oğurluq da olsa bu pulların bir qismi xalqa qayıdır. Mən özüm bir oliqarx tanıyıram, doğrudan da xalq üçün böyük işlər görür, qazandığı pulların 30-40 faizini, doğrudan da, belə işlərə gedir”.
DOSTLARINLA PAYLAŞ: