Rüşvətin şifrələnmiş adı
13 İyul 2013 Şənbə 02:32
Azərbaycanca "hörmət", türkcə "şorbapulu", fransızca...
Kinşasada “uşaqlar üçün bir az lobya”, Parisdə “bir qədəh şərab” və Praqada “balaca çəki balığı” ifadələrini bir cəhət birləşdirir.
Müxtəlif mətbəxlərdən gəlsələr də, bu ifadələrin hamısı rüşvətin şifrələnmiş adıdır.
Rüşvətin və korrupsiyanın dili ölkədən ölkəyə fərqlənir, lakin burada ruhi və təbii bir oxşarlıq var.
Kent Universitetindən David Henig və Oksford Universitetindən Nicolette Makovicky ayrı-ayrı dillərdən bu “inciləri” toplayıblar.

1. Şorbapulu (Türkcə)


Əgər sizin maşınınızı Şimali Afrikada yol polıisi dayandırıbsa, bilin ki, özü üçün növbəti qəhvənin sizin tərəfinizdən maliyyələşdirilməsini istəyə bilər. Keniyada yol polisi sizə deyə bilər ki, “böyüklər üçün çaypuluna” (Svahili dilində: "chai ya wazee") ehtiyacı var.
Amma Türkiyə polisi sizdən “şorbapulu” istəyə bilər. Türkiyədə şorbanı adətən ağır içki axşamının axırında içirlər. Yəqin rəisin keyfinə işdən sonra yaxşıca vurmaq düşüb.

2. Azərbaycanlıların “hörməti”

İstər küçədə baş versin, istərsə də kabinetdə, korrupsiya, səlahiyyətlərdən və imtiyazlardan sui-istifadəni nəzərdə tutur.
Lakin bir çox mədəniyyətlərdə rüşvətin adındakı bu xoşagəlməzliyi ört-basdır etmək üçün daha hörmətli söz işlədilir.
Elə azərbaycanlıların işlətdikləri “hörmət” sözü kimi.
Ona görə də sizə Azərbaycanda “mənə bir az hörmət elə” desələr, bilin ki, bu adam hörmət yox, başqa şey istəyir.

3. Balıq başından iylənər (Türkcə)

Bu ifadənin türklərdən gəldiyi söylənsə də, onu müxtəlif xalqlar, məsələn, ruslar və elə azərbaycanlılar da işlədirlər.
Bu o deməkdir ki, xırda rüşvət həmişə yuxarıda, başda oturanlardan qaynaqlanır. Yəni yuxarı almasa, aşağı da almaz.
Azərbaycanlılar hətta bu ifadəni bir az da inkişaf etdiriblər: “Balıq başdan iylənər, amma onu quyruqdan təmizləyərlər”. Yəni rüşvət yuxarılardan gəlir, amma tutmaq lazım gələndə, kimisə aşağıdan tuturlar.
Meksika rəsmiləri “şapka” (yeri gəlmişkən rus sözüdür) istəyəndə “bir dişdək pay” (una mordida) üçün ağız açırlar.


Bir neçə ölkədə "çay pulu" populyar evfemizmdir

4. Çaypulu (Fars, Paşto)

Bu, bir çox ölkələrdə rüşvətin adıdır.
Bu ifadə rüşvət üçün, adətən çayın populyar olduğu ölkələrdə - İran və Əfqanıstanda işlənir.

5. Bəxşiş (Macar, Çin)

Pay, bəxşiş, hədiyyə - nə istəyirsiniz deyin.
Korrupsiya həm qanunsuz, həm də mənəviyyatsız bir əməldir. Lakin bir sıra ölkələrdə pis saylan bir əməl, bir başqa ölkələrdə müsbət və hətta azərbaycanlılar demişkən “hörmət” mənasını daşıya bilər.
Məsələn, Macarıstanda həkimlərə və tibb bacılarına pul vermək qəbahət sayılmır. Polşada üzündən zəhrimar yağan bir bürokrata verilən pay onu yaxın tanışa çevirə bilər.
Çində də həkimlər, lap elə hökumət adamları rüşvətə “bir balaca minnətdarlıq” deyirlər.
Ruslarda isə minnətdarlıq kifayət eləmir. Əgər rus məmur sənin üçün bir xidmət göstəribsə və sən ona yalnız “çox sağ ol” deməklə işi birtmiş hesab edirsənsə, səhvin var.
Məmur dönüb deyə bilər: “Çox sağ olu” cibə qoymaq olmur e, qardaş”.

6. Masanın altında (İngilis, Fransız, Fars, İsveç)


Rüşvətə aid ifadələrin və sözlərin əksəriyyəti məcazi məna daşıyır. Lakin Avropada adətən, nə “hörməti”, nə “payı”, nə də “bir balaca minnətdarlığı” masanın üstündə yox, altında ötürürlər.
“Masanın altında” ifadəsi korrupsiya prosesi mənasında, ingilis, isveç, fransız və hətta fars dilində də var.
Macarıstanda “yağpulu” bürokratiyanın paslı təkərlərini hərəkətə gətirmək üçün verilir.
Rusiyada məmurun “ovcuna nəsə qoymaq” lazımdır ki, işin düzəlsin.

7. Kiçik bir şey (Svahili)

Rüşvət deyil axı, balaca bir qəhvədir.

Rüşvət çox böyük cinayət olduğundan onu bir çox mədəniyyətlərdə “kiçiltməyə” çalışırlar.
Svahili dilində “kiti kidogo” – “kiçik bir şey” deməkdir. “Kiçik bir şey” məbləği ifadə etmir,lakin Fil Dişi Sahilində polis “pourboire” – “içkipulu” istəyir. Bunun məbləğini hər ölkədə az-çox təxmin etmək mümkündür.

8. Sualpulu (İngilis)

Bəli, beləsi də var. Bu ifadə Böyük Britaniyada geniş yayılıb və millət vəkillərinə aiddir.
Məlumdur ki, parlamentdə müəyyən maraq və ya lobbi qrupları var və bəzən bu qruplara daxil millət vəkilləri rüşvət müqabilində parlamentdə hansısa şirkətin, şəxsin və ya təşkilatın maraqlarına uyğun sual verə, məsələ qaldıra bilər.
Bu, əlbəttə, cinayət əməli sayılır və indiyədək çox sayda millət vəkilinin başını yeyib.

9. Nokia qutusu (Macar)

Macarıstanda köhnə mobil telefon qutularının dəyəri kifayət qədər böyük olurmuş...

Bəzən bir hadisə, bir qalmaqal, adi və günahsız bir şeyi rüşvətin simvoluna çevrilir.
2010-cu ildə Budapeşt İctimai Nəqliyyatı Şirkətinin rəhbəri Zsolt Balogh Macarıstan paytaxtının merinə rüşvəti Nokia mobil telefonunun qutusunda vermişdi.
O vaxtdan Nokia qutusu rüşvətin məcazi adıdır, amma həm də məbləği bildirir.
Həmin o qutunun içində 15 milyon zlotı (65 min funt sterlinq) var imiş.

10. Balaca çəki balığı (Çex)

“Balaca çəki balığı” və ya sadəcə “balıq” Çexiya futbolundakı korrupsiya qalmaqalı zamanı klub menecerləri arasında rüşvətin kodlanmış adı kimi işlənirdi.
“Balaca çəki balığının” konkret qiyməti var idi. Əldən-ələ keçən 1000 çex kronası kimi.
O vaxtdan bəri bu ləzzətli balıq Çexiyada rüsvay olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar