Zəlzələdən evi uçmuş qadına 42 min manat ödənilib
13 İyul 2012 Cümə 21:30
“AXA MBASK” zəlzələ nəticəsində əmlaka dəymiş zərərə görə növbəti siğorta ödənişini edib.
“AXA MBASK” sığorta şirkəti bu ilin may ayında Zaqatala rayonunda baş vermiş silsilə zəlzələlər nəticəsində evi yararsız hala düşən Aşağı Tala kəndinin sakini Mətanət Səmədovaya 42 min manat ödəyib.
Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, evin dayaq hissələrinin, həmçinin otaqların daxili tərtibatının xeyli zədələndiyinə şahid olan şirkət mütəxəssisləri köhnə tikilini söküb əvəzinə yenisini tikməyin məqsədəuyğun olduğu qənaətinə gəliblər.
Sözügedən müştərinin qısa vaxt ərzində böyük məbləğdə sığorta ödənişini alması “AXA MBASK” sığorta şirkəti tərəfindən zərərlərin tənzimlənməsi sahəsində müştərilərə keyfiyyətli və operativ xidmət göstərilməsi strategiyasının uğurla tətbiq edildiyini sübut edir.
Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, bu ilin may ayının əvvəllərində Zaqatala şəhəri yaxınlığında dörd yeraltı təkan baş vermiş, nəticədə onlarla ev ciddi zədələnmişdi. İlk yeraltı təkan şəhərin 17 kilometr cənub-qərbində baş verib. Zaqatala və Qax rayonları ərazisində zəlzələnin gücü 7 bal, Şəki, Oğuz, Qazax, Tovuz və başqa rayonlarda isə 2-5 bal olub. Zəlzələnin mərkəzi 11 kilometr dərinlikdə yerləşir. Sonrakı təkanların isə gücü Rixter cədvəlilə 4,5, 4,2, 4,0 bal olub.
DOSTLARINLA PAYLAŞ: