Yeni BVF rəhbərinin karyerasında qaranlıq məqamlar
29 İyun 2011 Çərşənbə 13:03
Kristin Laqard Fransanın maliyyə naziri kimi vəzifəsindən sui-istifadə etməkdə şübhəli bilinir.
Fransanın maliyyə naziri Kristin Laqard ABŞ prezidenti Barak Obama administrasiyasının dəstəyilə Beynəlxalq Valyuta Fondunun rəhbəri seçilib. O bu vəzifədə ötən ay xadiməni zorlamaqda ittiham olunaraq saxlanılan Dominik Stross-Kanı əvəzləyəcək. Kristin Laqard bu təşkilata rəhbərlik edən ilk qadın olacaq.
55 yaşlı Kristin Laqard təhsilini sosial hüquq sahəsində alsa da, karyerasını iqtisadiyyat sahəsində qurub və Avropada ən güclü maliyyə nazirlərindən hesab edilir. 2007-ci ilin iyununda Fransanın iqtisadiyyat və maliyyə naziri vəzifəsinə təyin edilərək, "Böyük Səkkizlik" ölkələrində ilk qadın maliyyə naziri olub.
2011-ci ilin mayında Fransa prokurorluğu xanım Laqardı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilərək, Fransa Respublika Məhkəməsinə araşdırma ilə bağlı müraciət edib. Məhkəmə bu barədə qərarın verilməsini iyulun 8-nə təyin edib. İstintaqın məlumatına görə, 2007-ci ildə maliyyə naziri Kristin Laqard Bernar Tapi adlı fransız sahibkara 285 milyon avro məbləğində təzminatın ödənilməsinə təsir etmiş ola bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: