Mayın 1-dən ölkəyə xaricdən gətirilən taxıla və una əlavə dəyər vergisi bərpa edilə bilər. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev ANS-ə məlumat verib. O qeyd edib ki, bu, fermerlərin taxıl satışındakı problemlərinin həllinə kömək edəcək.
S.Vəliyevin sözlərinə görə, artıq bununla bağlı təkliflər hökumətdə müzakirə olunur: «Bir il müddətinə idxal olunan taxıl əlavə dəyər vergisindən azad olunmuşdu ki, ucuz qiymətə taxıl çox gətirilsin. Amma indi yerlərdə Azərbaycan fermerlərinin istehsal etdiyi taxıl həddindən artıq çoxdur. Həm də xaricdən 2007 və 2008-ci illərdə xeyli taxıl gətirilib. Hazırda anbarlarda, çörəkbişirmə sənayesində, müxtəlif şirkətlərdə, firmalarda da taxıl həddindən artıq çoxdur və yerli taxıl alınmır. Onun qiyməti də çox aşağı düşüb. Daxili bazarı qorumaq üçün biz əlavə dəyər vergisinin aprelin 30-dan tətbiq olunması üçün Nazirlər Kabinetindən xahiş etmişik. Bu müddət uzadılmayacaq».
Xatırladaq ki, ölkəyə idxal olunan ərzaq buğdası və unun əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı Nazirlər Kabinetinin 2008-ci ilin aprelin 1-dən qüvvəyə minən qərarının müddəti bu il aprelin 1-də başa çatıb. /ANS TV/