Xalq Bankın Xalq Əmanəti
24 Dekabr 2010 Cümə 17:45
Bankın həyata keçirdiyi layihənin ikinci buraxılışı xalq şairi Məmməd Araza həsr olunub
“Xalq Bank” ASC-nin təşəbbüsü və maliyyə dəstəyi ilə dekabr ayının 27-də “Xalq Əmanəti” layihəsi çərçivəsində Azərbaycanın dövlət və milli mükafatlar laureatı, “İstiqlal” ordeni kavaleri, Azərbaycanın Xalq Şairi Məmməd Arazın (1933-2004) “Seçilmiş əsərləri” geniş ictimaiyyətə təqdim olunacaq. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, şairin dərin fəlsəfi, həyat müdrikliyi ilə dolu şeirləri milyonlarla insanın qəlbinə yol tapıb və dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilib. Təqdim olunan kitabın unikallığı ondadır ki, kitabın format və dizaynı şairin özü tərəfindən 1968-ci ildə yazdığı “Vəsiyyət” şeirində təsvir edilib.
Qeyd edək ki, “Xalq Bank” ASC xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması iştiqamətində “Xalq Əmanəti” – mədəniyyət layihəsini həyata keçirir. Bu layihə çərçivəsində Azərbaycanın görkəmli ədəbiyyat, incəsənət və elm xadimlərinin əsərləri, eləcə də xalq yaradıcılığı, folklor nümunələri nəfis tərtibatda nəşr olunub sənətsevərlərin ixtiyarına verilir. 2010-cu ilin əvvəlindən start götürən layihənin ilk buraxılışı oktyabr ayının 22-də işıq üzü görmüş və Azərbaycanın görkəmli Xalq Rəssamı Böyükağa Mirzəzadəyə həsr olunub.
Qeyd edək ki, “Xalq Əmanəti” layihəsi xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi işinə “Xalq Bank”ının kiçik bir töhfəsidir.
DOSTLARINLA PAYLAŞ: