Xalq Bankdan Xalq Əmanəti
11 Mart 2011 Cümə 20:06
Layihənin növbəti nəşri Azərbaycanın ilk peşəkar qadın rəssamı Maral Rəhmanzadəyə həsr olunub
Bu gün “Xalq Bank”ının təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən “Xalq Əmanəti” layihəsi çərçivəsində dövlət mükafatı laureatı, Azərbaycanın Xalq Rəssamı, “Şöhrət” ordenli Maral Rəhmanzadənin (1916-2008) əsərlərindən ibarət sərginin açılışı və rəssamın yaradıcılığını əks etdirən bədii albomun təqdimat mərasimi keçirilib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Xalq Bank” 2010-cu ildən başlayaraq xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədi ilə “Xalq Əmanəti” – mədəniyyət layihəsini həyata keçirir.

Bu layihə çərçivəsində Azərbaycanın görkəmli ədəbiyyat, incəsənət və elm xadimlərinin əsərləri, eləcə də folklor nümunələri nəfis tərtibatda nəşr olunub sənətsevərlərin ixtiyarına verilir. Layihənin ilk buraxılışı Azərbaycanın Xalq Rəssamı Böyükağa Mirzəzadəyə, ikinci nəşri isə Xalq Şairi Məmməd Araza həsr olunub. Hər iki kitab öz yüksək bədii dəyəri və nəfis poliqrafik tərtibatı ilə geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanıb.

“Xalq Əmanəti” seriyasından olan kitablar hədiyyəlikdir, bu nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssiəsələrinə, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. “Xalq Əmanəti” layihəsi xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi işinə Xalq Bankın kiçik bir töhfəsidir.

Sərgi sabah - мart ayının 12-dən iyun ayının 12-dək fəaliyyət göstərəcək. Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr etmək olar. Giriş sərbəstdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar