Unibank yeni layihəyə start verib
15 Aprel 2010 Cümə Axşamı 12:10
Unibank Lənkəranda uşaq futbolunun inkişafina dəstək verəcək
“Unibank” premyer liqasının 27-ci turunda vurulmuş hər bir qol 7 saylı internat-evindəki xəstə uşaqlara yardım büdcəsini 100 manat artırıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, futbol üzrə milli birincilikdə sponsorluq çərçivəsində “Unibank” Kommersiya Bankı” ASC yeni layihəyə start verib.
Bu layihəyə müvafiq olaraq, Liqanın oyunlarında vurulan hər bir qol üçün bankın korporativ sosial məsuliyyət proqramlarının hesabına 100 manat məbləğində pul köçürüləcək. Belə ki, 27-ci turun altı oyununda futbolçular 14 dəfə fərqləndiklərindən, bank tərəfindən Abşeron rayonunun Saray qəsəbəsində yerləşən internat-evinin uşaqlarına göstəriləcək yardımın məbləği ən azı 1400 manat təşkil edəcək. Məlumdur ki, bu işxtisaslaşdırılmış internatda müxtəlif yaşlı 145 uşaq yaşayır, onların hər biri əlildir və müxtəlif fiziki qüsurlardan əziyyət çəkirlər.
Qeyd edək ki, Liqanın 17-18 apreldə keçiriləcək növbəti turunun nəticələrinə görə “Unibank”ın korporativ sosial məsuliyyət proqramlarının büdcəsinə hesablanacaq vəsait Lənkəranda uşaq futbolunun dəstəklənməsinə və inkişafına yönəldiləcək.
Xatırladaq ki, 2009-cu ilin sentyabr ayının sonundan “Unibank” Azərbaycanın Peşəkar Futbol Liqasının (PFL) ilk baş rəsmi sponsoru oldu. PFL ilə üç il müddətinə sponsorluq sazişi bağlayaraq bank, Azərbaycan futbolunun və korporativ sektorun tarixində ilk dəfə olaraq, yalnız Liqanın maliyyələşdirilməsi üzrə deyil, həm də milli futbol birinciliyinin populyarlaşdırılması, aparıcı oyunçuların həvəsləndirilməsi, habelə futbolun ictimai hadisə kimi təbliği sahəsində öz üzərinə öhdəliklər götürüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: